Boşanma zamanı ər-arvad arasında əmlak bölgüsü ən çox mübahisə doğuran məsələlərdəndir. Xüsusilə nikah dövründə kreditlə alınan mənzilin boşanma zamanı necə bölünməsi, qalan borcun kimin tərəfindən ödənilməsi suallar yaradır.
Belə hallarda mənzil və kredit öhdəliyi tərəflər arasında hansı qaydada bölüşdürülür?
Globalinfo.az-a danışan əmlak eksperti Fərid Cəfərli deyib ki, ipoteka və ya digər kredit öhdəliyi hesabına əldə edilmiş mənzillərin bölünməsi zamanı vətəndaşlar çox vaxt yanlış hüquqi yanaşmaya yol verirlər:
“Əsas yanlış təsəvvür odur ki, mənzil kimin adına rəsmiləşdirilibsə, boşanma zamanı da bütün əmlak həmin şəxsə məxsus olmalıdır. Halbuki hüquqi vəziyyət heç də həmişə belə deyil. Ailə Məcəlləsinə əsasən, nikah müddətində ər-arvadın ümumi gəlirləri hesabına əldə edilmiş əmlak, bir qayda olaraq, onların ümumi birgə mülkiyyəti hesab olunur. Bu prinsip mənzilin kredit yaxud ipoteka vasitəsilə alınmasına da tətbiq edilə bilər. Yəni mənzilin yalnız ər və ya arvadın adına rəsmiləşdirilməsi digər həyat yoldaşının həmin əmlak üzərində hüquqlarını avtomatik olaraq aradan qaldırmır. Burada mühüm məsələ mənzilin hansı tarixdə əldə edilməsi, ilkin ödənişin hansı vəsait hesabına həyata keçirilməsi, kredit ödənişlərinin nikah dövründə hansı mənbədən qarşılanması və tərəflərin əmlak münasibətlərinin hüquqi xarakteridir. Məsələn, mənzil nikah dövründə kreditlə alınıbsa və kredit ödənişləri ailənin ümumi gəlirləri hesabına həyata keçirilibsə, həmin əmlakın bölünməsi zamanı hər iki tərəfin hüquqları nəzərə alınmalıdır. Ümumi qaydaya görə, ər-arvadın ümumi əmlakındakı payları bərabər hesab edilir. Lakin qanunvericilikdə nəzərdə tutulan hallar və konkret işin faktiki vəziyyəti bu prinsipdən fərqli nəticəyə səbəb ola bilər”.
Fərid Cəfərli
Ekspert bildirib ki, digər vacib məqam kredit borcunun taleyidir:
“Çünki mənzilin bölünməsi kredit öhdəliyinin avtomatik olaraq yarıya bölünməsi demək deyil. Bank qarşısında borcalan kimi kimin çıxış etməsi, kredit müqaviləsinin şərtləri, ipoteka hüququ və digər öhdəliklər ayrıca hüquqi qiymətləndirilməlidir. Ər-arvadın öz aralarında borcun ödənilməsi barədə razılığa gəlməsi də bankın müqavilə üzrə hüquq və tələblərini avtomatik dəyişdirmir. Mənzilin alınmasına nikahdan əvvəl əldə edilmiş şəxsi vəsait, vərəsəlik və ya hədiyyə şəklində alınmış pul vəsaiti yönəldilibsə, bu hallar da əmlakın hüquqi rejiminə və payların müəyyən edilməsinə təsir göstərir.
Belə mübahisələrdə ən böyük səhv yalnız çıxarışa və kredit müqaviləsində göstərilən şəxsin adına əsaslanaraq qərar verməkdir. Halbuki mənzilin əldə edilmə tarixçəsi, maliyyə mənbələri, ödəniş sənədləri və kredit münasibətləri kompleks şəkildə araşdırılmalıdır. Boşanma zamanı söhbət yalnız mənzilin kimə qalmasından getmir. Burada mülkiyyət hüququ, tərəflərin əmlak payları, kredit öhdəlikləri və bankın qanuni maraqları birlikdə nəzərə alınmalıdır”.
Ləman İmran
Globalinfo.az