“Qaçqınkom”un adı korrupsiya qalmaqalında – İnanılmaz ittihamlar

Sumqayıtda məcburi köçkünlər üçün inşa olunan və 5 il öncə istifadəyə verilən binanın əsaslı təmirə ehtiyacı var.

Globalinfo.az xəbər verir ki, bu barədə bina sakinləri şikayətlərində deyiblər.

Şikayətçilər bildirib ki, mənzilin daxilində – istər döşəmə, istər divarlar, qapılar, istərsə də mətbəx və sanuzellərdə, o cümlədən kombi sistemində və digər məsələlərdə ciddi problemlər var. Mənzillərin ciddi şəkildə yenidən təmirinə ehtiyac yaranıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən şikayət edən sakinlər, deyildiyinin əksinə olaraq, 1005 mənzildən ibarət olan binanın keyfiyyətli məhsullardan inşa edilmədiyini, köçər-köçməz problemlərin yarandığını qeyd ediblər.

Qeyd edək ki, Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi 2020-ci ildən məcburi köçkünlər üçün tikilən binaların mənzillərinin və fərdi evlərin təmiri ilə bağlı 80-dən çox tender keçirib. Təmir işləri ilə bağlı 25,5 milyon manatlıq müqavilələr imzalayıb.

2024-cü ildə yanvan-fevral aylarında 10-a yaxın rayonda köçkünlər üçün binaların təmirinə təxminən 4 milyon manat pul ayrılıb.

Amma tenderdə qalib gələnlər arasında elə bu binaları tikən şirkətlər də var.

Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi isə Turan informasiya agentliyinə bildirib ki, ümumilikdə 2003- 2023-cü illərdə məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək istifadəyə verilib. Təmir işləri isə sakinlərin müraciəti əsasında aparılır.

Globalinfo.az