Putinlə Ərdoğanın görüş yeri dəyişir – Prezidentlərin təmas nöqtəsi hara olacaq?

 

“Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfərlə bağlı qərar verməyə tələsmir. Halbuki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə son telefon danışığından sonra Putinin avqustun sonunda Ankaraya gələcəyini bildirmişdi. Kreml isə hələ ki, susur, səfər xəbərini təsdiq etmir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Putin Türkiyəyə səfər etmək qərarında tərəddüd keçirir:

Elxan Şahinoğlu

“Bunun bir neçə səbəbi var. Rusiya Türkiyə ilə müxtəlif sahələrdə əməkdaşlığını davam etdirsə də iki ölkə arasında fikir ayrılığı yaradan mövzular az deyil. Məsələn, Kreml Türkiyənin Ukraynaya pilotsuz uçuş aparatları satmasından narazıdır. Türkiyə Ukraynaya nəinki pilotsuz uçuş aparatları satır, üstəgəl Ukraynada dron istehsal edən zavodun tikintisinə yardım edir.

Yəqin Putin düşünür ki, bu şərtlər altında Türkiyəyə səfər etsə, Ankaranın Kiyevə dəstəyinə göz yummaq məcburiyyətində qalacaq. Putin belə bir görüntünün yaranmasını istəmir. Son günlər Rusiya-Türkiyə münasibətlərində suallar yaradan başqa hadisələr də baş verib. Kremlin Rusiya televiziya kanallarındakı rupor-aparıcıları keçmiş illərdə olduğu kimi Türkiyə əleyhinə açıqlamalar verirlər. Bundan başqa Rusiya hərbçiləri Qara dənizdə üzən Türkiyənin ticarət gəmisinə basqın ediblər. Putinin birbaşa tapşırığı olmadan Türkiyənin gəmisinə basqın təşkil etmək mümkün deyil. Demək, Putin Türkiyə ilə ikili oynayır.

Bu vəziyyətdə Putinin Türkiyəyə səfərinin təxirə salınma ehtimalı var. Başqa variantlar da mövcuddur. Putin Ərdoğanı Soçiyə dəvət edə və ya görüş üçüncü ölkələrdən birində baş tuta bilər. Görüş yeri kimi Bakının adı hallanıb. İki ölkənin prezidenti Bakıda görüşərlərsə, bu Azərbaycanın bölgədə artan roluna işarə olacaq. Ancaq görüşün Bakıda baş tutma ehtimalı yüksək deyil. Çünki belə görüntü yaranacaq ki, Putin və Ərdoğan arasında fikir ayrılığı o qədər dərinləşib ki, iki ölkənin lideri başqa ölkədə görüşməyə qərar veriblər. Belə bir görüntü hər iki liderin ziyanınadır. Ərdoğanın Putinlə görüşmək üçün Moskva və ya Soçiyə getməsi isə Türkiyə müxalifəti tərəfindən kəskin tənqid olunacaq. “Putin Ankaraya gəlməkdən imtina etdiyi halda Ərdoğan niyə Moskvaya gedir” sualı səslənəcək”.

Turan Rzayev
Globalinfo.az