Rusiya Prezidenti Vladimir Putin 7 oktyabrda – doğum günündə MDB dövlət başçıları ilə görüşəcək.
Onun məhz bu gün MDB rəhbərləri ilə bir araya gəlməsi diqqət çəkib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edəcəklər.
Bu görüş çərçivəsində hansı məsələlər müzakirə olunacaq? Azərbaycan və Ermənistan liderlərinin qeyri-rəsmi görüşü baş tuta bilərmi?
Rəsmi Bakı Ermənistanın qeyri-konstruktiv mövqe tutduğu bir məqamda Moskvada İrəvanla danışıqlara razı olacaqmı? Bildirilir ki, belə bir görüş Putinə doğum günündə unikal hədiyyə ola bilər. Belə ki, Moskva Bakı-İrəvan danışıqlarının öz masasında aparılmasını arzulayır.
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Vladimir Putinin doğum günü ərəfəsində MDB sammitinin keçirilməsi dövlət başçıları ilə işgüzar görüşlərinin baş tutması ənənə halını alıb:
“Bir çox dövlət başçısı Rusiyaya səfər edir. Bu görüş simvolik xarakter daşıyır. Xüsusilə də son dövrlərdə MDB-ə üzv ölkələr arasında inteqrasiya bu dam altında deyil, ikitərəfli münasibətlər formatında inkişaf edir. Putinin belə görüşlər keçirməsinə ehtiyac var. Rusiyanın post-sovet məkanını hələ də nüfuz dairəsində saxlamağa davam etdiyini göstərir. Qlobal güc roluna iddiasını davam etdirməkdədir. Ümumi xarakterli məsələlər müzakirə olunacaq”.

Oqtay Qasımov
Politoloqun sözlərinə görə, Rusiya həmin dövlət başçıları ilə ikitərəfli məsələləri müzakirə edəcək:
“Azərbaycan və Ermənistan liderlərinin qeyri-rəsmi, ayaqüstü görüşünün baş tutması gözləniləndir. Keçən ilin dekabr ayında Sankt-Peterburqda və bu ilin may ayında Moskvada bənzər görüşlər reallaşmışdı. Bu çərçivədə aparılan danışıqlarda hansısa ciddi prosesin olması isə inandırıcı deyil. Ermənistan konkret olaraq Azərbaycanın tələblərinə əməl etməlidir. Yalnız bu halda iki ölkə arasında sülh müqaviləsinin imzalanması realdır”.
Safura Bənnayeva
Globalinfo.az