ankara baki 1 900x519 1

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngindən sonra Türkiyədə ölkəmizə, dövlətimizə və dövlət başçısına qarşı yönələn təhqir və təhdid xarakterli kampaniyanın səngidiyi müşahidə olunur. Əlbəttə, ilk baxışda bunu məlum zənglə əlaqələndirmək olar. Lakin məncə, bu, məsələnin yalnız 40 faizidir. Qalan 60 faiz isə Azərbaycanın kampaniyaya vaxtında reaksiya verməsi və cəmiyyətimizin məsələyə rasional yanaşması ilə bağlıdır. Daha dəqiq desəm, kampaniya nə Türkiyə cəmiyyətində hakim mövqeyə çevrildi, nə də Azərbaycana sirayət edə bildi.

Əslində, bu faktın özü baş verənlərin nəticələrini təhlil etmək zərurəti yaradır. Məktəblərdə vahid geyim formasını bəhanə edərək Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası ilə türklərin ifadəsi ilə desək, “kimlər öz ayağına güllə sıxdı?”

Birincisi, məncə, bu kampaniya Türkiyə cəmiyyətindəki dərin qütbləşmə problemini, eyni zamanda, Prezident İlham Əliyevin həm Azərbaycanda, həm də Türkiyə cəmiyyətinin müəyyən kəsimlərində malik olduğu nüfuzu üzə çıxardı. Hesab edirəm ki, bu məqamı bir qədər geniş açmaq, detallara toxunmaq lazımdır.

Müşahidələrimə əsasən deyə bilərəm ki, Türkiyə cəmiyyətində dərin qütbləşmə mövcuddur. Bəli, türk cəmiyyətində bir çox məsələlərə dair yekdil fikir yoxdur. Fikir plüralizmi baxımından bu, müsbət hal sayıla bilər. Lakin fikir ayrılıqlarının xroniki xarakter alması cəmiyyətdə qütbləşməni dərinləşdirir. Ən sadə şəkildə desək, Türkiyə cəmiyyəti idmanda “Fənərbağça”, “Qalatasaray” və “Beşiktaş” tərəfdarlarına, siyasətdə sağçılara və solçulara, tarixə münasibətdə Osmanlı tərəfdarlarına və respublikaçılara, hətta incəsənət sahəsində belə müxtəlif düşərgələrə bölünüb. Ən pisi isə bu qütbləşməyə görə Türkiyə vətəndaşı yeri gəldikdə bir-birinə silah doğrultacaq həddədir.

AKP hakimiyyəti uzun illərdir siyasi islam ideologiyası əsasında cəmiyyətdəki bu parçalanmanı aradan qaldırmağa çalışsa da, buna nail ola bilməyib. Bu azmış kimi hakim partiya daxilində belə qütbləşmə pik həddədir. Məsələn, Azərbaycana qarşı aparılan kampaniya zamanı MHP və CHP kimi partiyaların mövqeyi AKP-dən fərqləndi. Bəzi siyasi dairələrdə Azərbaycana dəstək ifadə olundu AKP-nin mövqeyi tənqid edildi. Bu mənzərə Türkiyədəki siyasi parçalanmanın Azərbaycan məsələsinə münasibətdə də özünü göstərdiyini ortaya qoydu.

Hətta bir sıra siyasi xadimlər və nüfuzlu şəxslər kampaniyanı tənqid edərək Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini dəstəklədilər. Məsələn, Türkiyə Cəfəri icmasının lideri Səlahəddin Özgündüz Azərbaycana qarşı səsləndirilən tənqidlərə münasibət bildirərək Prezident İlham Əliyevi müdafiə etdi. O, Azərbaycanda hicab qadağasının olmadığını, məktəblərdə sadəcə vahid geyim formasının nəzərdə tutulduğunu vurğuladı. Özgündüz qeyd etdi ki, İlham Əliyev islamla mübarizə aparmır, əksinə, işğaldan azad edilmiş torpaqlarda məscidlərin bərpasına töhfə verib.

akp bina

Türkiyə cəmiyyətindən fərqli olaraq, Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti bu məsələdə Prezident İlham Əliyevə dəstək verdi. Hətta ilk mərhələdə məsələyə münasibətdə fərqli mövqe sərgiləyənlər belə kampaniya qarşısında ortaq mövqedə birləşdilər. Bu, Azərbaycan cəmiyyətində milli maraqlar və dövlətə münasibət məsələsində müəyyən həssas məqamların siyasi fikir ayrılıqlarını arxa plana keçirə bildiyini göstərdi.

Azərbaycan Türkiyəyə ən yaxın ölkədir. Buna baxmayaraq, Ankaranın Bakının daxili işlərinə müdaxilə kimi qəbul edilə biləcək mövqe sərgiləməsi və Bakının buna reaksiya verməsi, şübhəsiz ki, digər ölkələr tərəfindən də diqqətlə izlənildi.

Bəs bu nə deməkdir?

Bu o deməkdir ki, Ankara özünün ən yaxın müttəfiqlərindən biri olan Bakını qarşısına almaqla xarici siyasətdə ciddi etimad itkisi riski ilə üzləşə bilər.

Türk dünyasının birliyinin gücləndirilməsi və Türk Dövlətləri Təşkilatının vahid mövqedən çıxış edən siyasi platformaya çevrilməsi illərdir arzulanan ideya və strateji hədəfdir. Bu prosesin reallaşmasında Bakı ilə Ankara arasındakı müttəfiqliyin çox böyük payı var. Lakin baş verənlər müəyyən suallar doğurdu. Bu gün Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilən yanaşma nümayiş etdirən Türkiyə sabah təşkilatın digər üzv dövlətlərinin də daxili işlərinə qarışmayacağına necə təminat verə bilər?

Daha ciddi məqam isə budur ki, Bakı təşkilatda liderlik hüququ və qərarların qəbulunda bərabərhüquqlu iştirak prinsipini müdafiə etdiyi halda, Ankaranın belə davranışı gələcəkdə təşkilat daxilində dominantlıq iddiaları ilə bağlı narahatlıqları gücləndirdi.

Azərbaycan bu günə qədər İran və Rusiya kimi ölkələrlə müxtəlif formalarda gərginlik yaşayıb. Lakin Türkiyədən gələn münasibət və kampaniya xarakterli təzyiqlərlə üzləşməsi fərqli vəziyyətdir. Başqa sözlə, qardaş və müttəfiq adlandırdığı ölkəyə qarşı belə yanaşmanın ortaya çıxmasını görən digər dövlətlər Türkiyəyə nə dərəcədə güvənə, onunla əməkdaşlığa nə qədər rahat yanaşa bilərlər?

Bu cür hadisələr Ankaranın beynəlxalq münasibətlərdə etimad kapitalına zərər vura və onu müəyyən mənada təcrid edə bilər.

Təcriddən bəhs etmişkən Türkiyə dövlətinin müasir təməllərini Mustafa Kamal Atatürk qoyub. O, Osmanlı imperiyasının buraxdığı səhvlərin təkrarlanmaması üçün “Yurdda sülh, cahanda sülh” prinsipini irəli sürmüşdü. Atatürkün əsas hədəflərindən biri Türkiyəni genişlənmə ambisiyaları arxasınca qaçan deyil, öz inkişafına, güclənməsinə və vətəndaşlarının rifahına diqqət yetirən dövlətə çevirmək idi. Lakin təəssüf ki, gəldiyimiz nöqtədə Türkiyəni idarə edən AKP hakimiyyətinin və onunun neosmanlıçı ideyaları ölkəni Osmanlı imperiyasının üzləşdiyi problemlərə bənzər risklərlə qarşı-qarşıya qoyur.

Türkiyə dövlətinin strateji maraqlarını əsas götürən dövlətçilik ənənəsi bu riskləri, şübhəsiz ki, nəzərə alır. Baş verən proseslər isə bir daha göstərdi ki, Türkiyənin xarici siyasətində daxili siyasi mübarizənin və ideoloji yanaşmaların təsiri ciddi suallar doğurur. Bu kontekstdə AKP hakimiyyətinin mövcud siyasi kursunun Türkiyənin regional mövqeyinə və müttəfiqləri ilə münasibətlərinə hansı təsirləri göstərəcəyi müzakirə edilməlidir.

Türkiyə yenə də bizim qardaşımız, dostumuz və müttəfiqimizdir. Ancaq baş verənlər Azərbaycan cəmiyyətinə Türkiyənin daxili siyasi proseslərinin və hakimiyyətin siyasi kursunun ölkəmizlə münasibətlərə necə təsir göstərə biləcəyini göstərdi. Bu hadisə eyni zamanda müəyyən siyasi yanaşmaların hansı nəticələrə səbəb ola biləcəyi barədə düşünmək üçün əsas yaratdı.

Buna görə də bundan sonra Azərbaycan-Türkiyə münasibətlərində emosional bağlılıqla yanaşı, rasional yanaşma və milli maraqlar daha əsas götürüləcək. Çünki dövlətlərarası münasibətlərin davamlılığı qarşılıqlı hörmətə, suverenliyə və daxili işlərə qarışmamaq prinsipinə bağlıdır. Baş verənlərdən çıxarılmalı əsas nəticə məncə budur.

turan rzayev 1 900x720 1 1

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: