GettyImages 1193887155

“Vyaçeslav Volodinin Rusiya Dövlət Dumasının IX çağırışına üçüncü dəfə sədr seçilməsi Moskvanın parlament siyasətində davamlılıq xəttinin qorunduğunu göstərir. 30 sentyabr 2026-cı ildə keçirilən səsvermədə Volodin 442 deputatdan 406-nın dəstəyini alıb. Onun yeganə rəqibi Kommunist Partiyasından Dmitri Novikov olub və 36 səs toplayıb. Beləliklə, Volodin 2016-cı ildən başladığı Duma rəhbərliyini ardıcıl üçüncü çağırışda da davam etdirəcək. O, bununla Dövlət Dumasına iki çağırışdan artıq ardıcıl rəhbərlik edən ilk sədr olub”.

Bu sözləri Globalinfo.az-a politoloq Zeynal Əmrəliyev deyib.

Politoloq bildirib ki, budəfəki Dumanın əsas fərqi onun daha böyük siyasi-hərbi konsolidasiya şəraitində formalaşmasıdır:

“IX çağırışda 184 yeni deputat var və parlament 41 faiz yenilənib. Yeni deputatlar arasında Ukraynadakı müharibədə iştirak etmiş 48 nəfərin olması da diqqət çəkir. Digər məlumatlara görə, ümumilikdə 46 müharibə iştirakçısı ilk dəfə Dövlət Dumasına seçilib.

Eyni zamanda, hakim Vahid Rusiya Partiyası 450 yerdən 349-nu əldə edib. Bu nəticə partiyaya Dumanın dörddə üçündən çoxunda üstünlük verir. Deməli, parlamentdə hakim siyasi qüvvənin dominantlığı nəinki qorunub, daha da möhkəmlənib.

Görünür ki, Kreml müharibə davam etdiyi bir vaxtda parlamentdə böyük siyasi dəyişikliyə getmək istəmədi. Yeni Duma müəyyən qədər yenilənsə də, onun rəhbərliyi və əsas siyasi xətti əvvəlki çağırışdan kəskin şəkildə fərqlənmir. Bu mənada Kremlin seçimi daha çox kontrollu yenilənmə modelinə bənzəyir: parlamentin tərkibinə yeni simalar gətirilir, lakin idarəetmənin əsas mexanizmləri dəyişdirilmir.

“Vahid Rusiya”nın seçki kampaniyasında da bu xətt açıq şəkildə görünürdü. Partiyanın federal siyahısının ilk beşliyində xarici işlər naziri Sergey Lavrov, Moskva meri Sergey Sobyanin, uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova, hərbi müxbir Yevgeni Poddubnı və “Yunarmiya”nın Baş Qərargah rəisi Vladislav Qolovin yer alırdı.

Bu siyahı parlament seçkisinin siyasi mesajını da müəyyən qədər göstərir. Lavrov xarici siyasət və Qərblə qarşıdurma xəttini, Sobyanin iri şəhərlərin və idarəçilik aparatının simasını, Poddubnı və Qolovin isə müharibə və hərbi-vətənpərvərlik istiqamətini təmsil edirdi. Mariya Lvova-Belovanın siyahıda olması isə sosial-humanitar istiqamətin də diqqətdə saxlanıldığını göstərirdi”.

Politoloq qeyd edib ki, burada Dmitri Medvedevin ilk beşlikdə yer almaması da diqqət çəkir:

“Halbuki Medvedev “Vahid Rusiya”nın sədridir. Partiyanın federal siyahısının ilk beşliyində onun əvəzinə başqa siyasi və ictimai simaların önə çıxarılması Kremlin parlament seçkisində hansı mesajları qabartmaq istədiyi barədə müəyyən təsəvvür yaradır. Lakin bunu Medvedevlə Putin arasında açıq siyasi qarşıdurmanın sübutu kimi təqdim etmək üçün kifayət qədər əsas yoxdur.

zeynal emreliyev 1

Volodinin üçüncü dəfə sədr seçilməsi isə onun artıq sadəcə “texniki parlament rəhbəri” olmadığını göstərən mühüm siyasi faktordur. Volodin Dumanın iş mexanizmini, fraksiyalararası münasibətləri və qanunvericilik prosesini uzun müddətdir idarə edir. Onun bu vəzifədə saxlanılması Kremlin parlamentdə yeni və qeyri-müəyyən siyasi model sınamaq əvəzinə, artıq formalaşmış idarəetmə mexanizmini davam etdirməyə üstünlük verdiyini göstərir.

Volodinin siyasi çəkisi də əvvəlki illərlə müqayisədə artıb. Onun adı zaman-zaman Rusiyada gələcək hakimiyyət transferi və mümkün varislik müzakirələri çərçivəsində müxtəlif analitik dairələrdə hallandırılır. Lakin belə müzakirələr Volodinin real varis statusunda olduğunu göstərmir. Bu, daha çox onun Kremlin siyasi sistemində yüksək çəkisi olan fiqurlardan birinə çevrilməsi ilə bağlı analitik mülahizələrdir.

Yeni Dumanın rəhbərliyində qadınların təmsilçiliyinin artması da diqqət çəkən məqamlardandır. İrina Yarovaya birinci vitse-spiker vəzifəsinə seçilib. Yeni parlament rəhbərliyinin tərkibində qadınların daha çox görünməsi Kremlin parlament strukturunda da müəyyən sosial və gender balansını nümayiş etdirmək istədiyini göstərir. Lakin bu faktı yalnız parlamentdə qadınların sayının artması ilə deyil, ümumi siyasi sistemin idarəçilik modelindəki dəyişikliklərlə birlikdə qiymətləndirmək daha doğru olar”.

Z.Əmrəliyevin sözlərinə görə, əslində, yeni Dumanın əsas xüsusiyyəti ziddiyyətli görünən iki prosesin eyni vaxtda baş verməsidir:

“Parlament bir tərəfdən 41 faiz yenilənib, digər tərəfdən isə əsas siyasi idarəetmə xətti dəyişməyib. Yəni simalar müəyyən qədər dəyişir, amma sistemin əsas siyasi arxitekturası qorunur.

Bu da Ukraynada müharibənin davam etdiyi şəraitdə Kremlin siyasi sabitliyi və idarəolunanlığı prioritet hesab etdiyini göstərir. Hakim partiyanın 349 mandat əldə etməsi, Volodinin üçüncü dəfə sədr seçilməsi və parlament rəhbərliyində əsas fiqurların qorunması bu yanaşmanın bir-birini tamamlayan elementləridir.

Ona görə də yeni parlamentdə köklü siyasi dəyişiklikdən daha çox, mövcud kursun yeni şərtlərə uyğunlaşdırılmasını gözləmək olar. Parlamentin qarşısında müdafiə və təhlükəsizlik, büdcə, iqtisadiyyat, sosial siyasət və müharibənin yaratdığı yeni hüquqi məsələlərlə bağlı böyük qanunvericilik gündəliyi dayanacaq.

Uzun sözün qısası, Kremlin dəhlizləri hələ ki, eyni ayaq səslərinə şahid olacaq. Dumanın tərkibi müəyyən qədər dəyişsə də, onun siyasi idarəetmə modeli dəyişməyib. Volodinin üçüncü dəfə sədr seçilməsi isə Kremlin bu mərhələdə parlamentdə eksperimentə deyil, təcrübəli və artıq sınaqdan keçmiş siyasi fiqurlara üstünlük verdiyini göstərən ən mühüm siqnallardan biridir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: