Putin Navalnı ilə birlikdə Qərbin planlarını da dəfn etdi? – “Yeni layihələr olacaq”

Rusiya müxalifətinin lideri Aleksey Navalnı dəfn edildi. Onun dəfni sonrası müxtəlif yanaşmalar sərgilənir. Belə ki, onun ölümü ilə Qərbin Rusiya ilə bağlı ən böyük layihəsinin də fiaskoya uğradığı deyilir.

Rusiyalı ekspertlər onu anqlo-amerikan elitasının xüsusi xidmətlərinin layihəsi kimi qiymətləndirir.

Navalnının ölümü Qərbin Rusiya planlarını fiaskoya uğradacaq? Onun ölümü Putinə hansı dividentləri qazandıracaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Navalnının qətli və onun dəfni müxtəlif cür izah edilir:

“Təbii ki, o, öz şəxsiyyəti və personası ilə Qərbin diqqətini cəlb etmiş fiqurlardan biri idi. Rusiyada Boris Nemtsovdan sonra müxalifətin əsas təmsilçisi məhz o hesab edilirdi. Təbii ki, onun siyasi fəaliyyətində Qərbin dəstəyi açıq şəkildə hiss olunurdu.

Qərb onun üzərindən Rusiyadakı müxalifəti dəstəkləyir və Putinə qarşı aktiv şəkildə istifadə edirdi. Navalnının həbsxanada müəmmalı ölümü və bununla bağlı hansısa qaneedici açıqlamanın verilməsi də Rusiya hakimiyyətinin ondan çəkindiyini göstərir. Bu hadisə həm də Putin hakimiyyətinin müxalif düşüncəyə dözümsüzlüyünü sübut edir. Ümumiyyətlə Rusiyada son 20 ildə müxalif düşüncəli şəxslər ya qətlə yetirilib, ya da müəmmalı şəkildə ölüb.

Navalnının ölümü ilə Qərbin Rusiyada Putin hakimiyyətinə təsir imkanları kifayət qədər azaldı. Putin ölkə daxilində Qərbin onun hakimiyyətinə təhdid yaradacaq daha bir ciddi elementini ortadan qaldırdı. Amma bu o demək deyil ki, Navalnının ölümü ilə Qərbin Rusiya planı dəfn olundu. Qərb bundan sonra yeni bir Navalnı axtarışına keçəcək və mümkündür ki, tapacaq”.

Turan Rzayev
Globalinfo.az