Globalinfo.az politoloq Elman Telmanoğlu ilə müsahibəni təqdim edir:
-Elman bəy, son vaxtlar Rusiya-Ukrayna müharibəsində gərginlik özünün pik həddinə çatıb. Prosesi necə dəyərləndirirsiniz?
–Rusiya-Ukrayna müharibəsi artıq dörd ildən çoxdur ki, davam edir və bu gün müşahidə olunan gərginlik münaqişənin yeni mərhələyə keçdiyini göstərir. Əgər əvvəlki dövrlərdə əsas məqsəd ərazilərə nəzarəti genişləndirmək idisə, hazırda tərəflər daha çox bir-birinin hərbi, iqtisadi və psixoloji dayanıqlığını zəiflətməyə çalışırlar. Rusiya Ukraynaya davamlı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirməklə cəmiyyətdə yorğunluq yaratmaq və dövlət idarəetməsinə təzyiq göstərmək niyyətindədir. Ukrayna isə öz növbəsində müharibənin yalnız müdafiə xarakteri daşımadığını nümayiş etdirərək hərbi təşəbbüsü müəyyən qədər öz əlində saxlamağa çalışır.
Hesab edirəm ki, hazırkı vəziyyətdə “Ukrayna uduzur” və ya “Rusiya qalib gəlir” kimi qəti nəticələr çıxarmaq düzgün yanaşma deyil. Müharibə elə bir mərhələyə çatıb ki, burada uğur yalnız cəbhədə əldə olunan nəticələrlə ölçülmür. Beynəlxalq dəstək, iqtisadi dayanıqlılıq, hərbi sənayenin imkanları, texnoloji üstünlük və siyasi iradə də ən az döyüş meydanı qədər həlledici rol oynayır. Bu baxımdan qarşıdakı aylar tərəflərin hərbi əməliyyatları daha da intensivləşdirməsi ilə yanaşı, diplomatik mübarizənin də sərtləşəcəyini göstərir.
-Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla danışıqlarının Kiyev üçün hansı əhəmiyyəti oldu?
-Bu görüşü yalnız iki prezident arasında keçirilən adi diplomatik təmas kimi qiymətləndirmək olmaz. Müharibə şəraitində Ukrayna üçün ABŞ-la münasibətlərin yüksək səviyyədə saxlanılması strateji əhəmiyyət daşıyır. Çünki Ukraynanın müdafiə imkanlarının mühüm hissəsi Qərbin siyasi, maliyyə və hərbi dəstəyi ilə birbaşa bağlıdır.
Digər mühüm məqam isə odur ki, belə görüşlər Ukraynanın beynəlxalq gündəmdə prioritet olaraq qalmasını təmin edir. Müharibə uzandıqca bəzi dövlətlərdə yorğunluq əhval-ruhiyyəsi yarana bilər. Kiyev isə yüksək səviyyəli siyasi dialoq vasitəsilə göstərməyə çalışır ki, Ukrayna məsələsi hələ də Avropa və transatlantik təhlükəsizlik sisteminin əsas məsələlərindən biridir. Fikrimcə, Zelenskinin əsas məqsədi yalnız yeni silah paketləri əldə etmək deyil, həm də ABŞ rəhbərliyi ilə uzunmüddətli təhlükəsizlik əməkdaşlığının davam edəcəyinə dair siyasi təminatlar almaqdır. Bu, Ukrayna üçün həm hərbi, həm də psixoloji baxımdan mühüm əhəmiyyət daşıyır. Çünki belə mesajlar Rusiyaya da göstərir ki, Kiyev beynəlxalq dəstəyi itirməyib.
Elman Telmanoğlu
-Ukraynanın taleyi necə olacaq? Ümumiyyətlə, gedişat nədən xəbər verir?
-Düşünürəm ki, Ukraynanın taleyini yalnız cəbhədə baş verən hadisələr müəyyən etməyəcək. Müasir müharibələrdə qələbə və ya məğlubiyyət təkcə hərbi güclə deyil, dövlətin iqtisadi davamlılığı, diplomatik imkanları və beynəlxalq tərəfdaşlarının mövqeyi ilə formalaşır. Ukrayna indiyədək ən çətin dövrlərdən keçməsinə baxmayaraq, dövlət institutlarını qoruyub saxlaya bilib və beynəlxalq dəstəyi davam etdirib. Bu isə onu göstərir ki, ölkə hələ də strateji müqavimət potensialına malikdir. Digər tərəfdən, Rusiya da müharibəni öz milli təhlükəsizlik strategiyasının bir hissəsi kimi gördüyündən geri çəkilmək niyyətində görünmür. Buna görə də yaxın perspektivdə sürətli sülh və ya tərəflərdən birinin tam hərbi qələbəsi ehtimalı yüksək görünmür. Daha real ssenari odur ki, tərəflər hərbi təzyiqi maksimum səviyyədə saxlayaraq gələcək danışıqlarda daha əlverişli mövqe əldə etməyə çalışacaqlar.
Hesab edirəm ki, Ukraynanın gələcəyi ilk növbədə onun daxili siyasi sabitliyini qoruyub saxlamasından, Qərbin dəstəyinin davamlı olmasından və müharibə iqtisadiyyatını idarə etmək bacarığından asılı olacaq. Əgər bu üç amil qorunarsa, Ukrayna təkcə müqavimətini davam etdirməyəcək, həm də gələcək siyasi nizamın formalaşmasında söz sahibi olmağa çalışacaq. Bu baxımdan hazırkı gedişat Ukraynanın zəifləməsindən daha çox, uzunmüddətli və mürəkkəb geosiyasi qarşıdurmanın davam edəcəyindən xəbər verir.
Safura Bənnayeva
Globalinfo.az