dollar

Azərbaycanda bankların dollarla əmanətlər üzrə təklif etdiyi faiz dərəcələri bankdan və əmanətin müddətindən asılı olaraq dəyişir. Bəzi banklarda illik faiz 5 faizə qədər yüksəlsə də, dollar əmanətinə vəsait yerləşdirmək istəyənlər üçün əsas məsələ yalnız yüksək gəlirlilik deyil, bu cür əmanətlərin nə dərəcədə sərfəli və risksiz olmasıdır.

Ümumiyyətlə, dollarla əmanət yerləşdirmək nə dərəcədə sərfəlidir? Yüksək faiz təklif edən dollar əmanətləri risklidirmi? Vətəndaş üçün hazırda dolları bankda saxlamaq, yoxsa manatla əmanət yerləşdirmək daha məqsədəuyğundur?

Globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, Azərbaycanda milli valyutada əmanətlər üzrə faiz dərəcələri xarici valyutada, o cümlədən dollarla olan əmanətlər üzrə faizlərdən ən azı iki dəfə yüksəkdir:

“Manatla əmanətlər üzrə faiz dərəcəsi 10-12 faiz olduğu halda, dollarla əmanətlərdə bu göstərici 2-5 faiz arasında dəyişir. Gəlirlilik və sərfəlilik baxımından manatla əmanət daha üstün hesab olunur. Təhlükəsizlik baxımından da müəyyən fərqlər var. Əmanətlərin Sığortalanması Fondu bir şəxsin bir bankda olan 100 min manat ekvivalentinədək əmanətini tam sığortalayır. Xarici valyutada olan əmanətlər üçün də limit 100 min manat ekvivalentindədir. Lakin sığortalanma üçün faiz dərəcəsinə də müəyyən məhdudiyyət qoyulur. Fond milli valyutada faiz dərəcəsi 12 faizi, xarici valyutada isə 2,5 faizi keçməyən əmanətləri sığortalayır. Məsələn, bank dollarla əmanətə 3 faiz və ya daha yüksək faiz təklif edirsə, həmin əmanət sığortalanmır. Manatla əmanətlər üzrə isə bankların təklif etdiyi faizlər, bir qayda olaraq, 12 faiz həddini keçmir. Bu baxımdan milli valyutada olan əmanətlər sığorta baxımından da daha əlverişlidir”.

ekrem 2

Əkrəm Həsənov

İqtisadçı bildirib ki, burada əmanətin hansı bankda yerləşdirilməsi də mühüm amildir:

“Söhbət sistem əhəmiyyətli, ən böyük banklardan gedirsə, onların fəaliyyətini dayandırması ehtimalı çox aşağıdır. Bu səbəbdən həmin banklarda əmanətin sığortalanması ilə bağlı risk də nisbətən aşağı hesab olunur. Bununla belə, ən böyük banklarda belə dollarla əmanətlər üzrə faiz dərəcəsi, əsasən, 5 faizdən yüksək deyil. Bu baxımdan da manatla əmanət daha sərfəli görünür. Amma xarici valyutanın, xüsusilə dolların üstün olduğu əsas məqam devalvasiya riskidir. Məsələn, bu gün banka 100 min manat yerləşdirib 10 faiz gəlir əldə etmək mümkündür. Dollarla isə böyük banklarda əmanət üzrə faiz, məsələn, 5 faiz təşkil edə bilər. Bu halda manatla əmanətin gəlirliliyi daha yüksəkdir. Ancaq devalvasiya baş verərsə və milli valyuta dollar qarşısında dəyər itirərsə, manatla əmanətin real dəyəri azalar”.

Ekspert qeyd edib ki, məhz bu riskə görə vətəndaşların bir qismi əmanətlərini dollarla saxlayır:

“Əsas səbəb isə devalvasiyadan qorunmaq istəyidir. Hazırda yaxın dövrdə belə bir təhlükənin yüksək olduğunu düşünmürəm. Valyuta ehtiyatlarının həcmi kifayət qədər böyükdür və bu amil milli valyutanın sabitliyi baxımından mühüm rol oynayır. Lakin gələcəkdə devalvasiyanın baş verməsi ehtimalını tam istisna etmək olmaz. Biz bunu 2015-2016-cı illərdə də müşahidə etmişik. Əmanətin müddəti də burada nəzərə alınmalıdır. Vətəndaşlar daha yüksək faiz əldə etmək üçün əmanətlərini iki və ya üç il müddətinə yerləşdirə bilərlər. Müddət uzun olduqca devalvasiya və digər valyuta riskləri də nəzərə alınmalıdır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: