Prezident Münhendə onlarla görüşdü… – FOTOLAR

Fevralın 16-da Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsın görüşü olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Fevralın 16-da Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşü olub.

Globalinfo.az xəbər verir ki, Amos Hoxşteyn COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru hələ 1990-cı illərdən Azərbaycan ilə ABŞ arasında əməkdaşlığı və Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarına çıxarılmasını ehtiva edən layihələrdə Prezident İlham Əliyev ilə birgə tərəfdaşlığı məmnunluqla xatırladı, Azərbaycanın regionda strateji əhəmiyyətə malik ölkə olduğunu diqqətə çatdırdı.

Görüşdə Orta Dəhlizin inkişaf etdirilməsi və Azərbaycanın bu prosesdə rolu müzakirə olundu, COP29 çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.

Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair fikir mübadiləsi aparıldı.

***

Fevralın 16-da Münhendə Azərbaycan Prezidenti İlham Əliyev ilə Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadefulun görüşü olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub.

***

Münxendə fevralın 16-da Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun görüşü olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Odil Reno-Basso dövlətimizin başçısına prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin həm Xəzər dənizində, həm də Qara dənizdə gəmi donanmasının artırılması layihələrində iştirakından məmnunluğunu ifadə etdi. Həmçinin AYİB-in Orta Dəhliz layihəsinə böyük əhəmiyyət göstərdiyini və bu çərçivədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək, bu kimi layihələrdə iştirak etməyə hazır olduğunu bildirdi.

Odil Reno-Basso vurğuladı ki, AYİB, eyni zamanda, su resurslarının idarə edilməsi sahəsində də Azərbaycanın tərəfdaşı rolunda çıxış edir və bu istiqamətdə hökumətin həyata keçirdiyi layihələrə dəstək verməyə hazırdır. O, həmçinin COP29 çərçivəsində də AYİB–lə Azərbaycan arasında əməkdaşlıq məsələlərinin, bu xüsusda ölkəmizin bərpaolunan enerji layihələri və yaşıl keçid istiqamətində siyasətinin də AYİB tərəfindən təqdir edildiyini və dəstəkləndiyini diqqətə çatdırdı.

Dövlətimizin başçısı Azərbaycanla AYİB arasında əməkdaşlıqdan məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyi ilə, həmçinin Orta Dəhliz və su resurslarının idarə edilməsi sahələrində əməkdaşlığın mühüm əhəmiyyətini qeyd edərək, Azərbaycanda yaşıl keçid və bərpaolunan enerji resurslarının inkişaf etdirilməsi layihələrinə böyük əhəmiyyət verildiyini, artıq ölkəmizin yaxın dövrlərdə bərpaolunan enerji resurslarının ixracatçısı qismində çıxış edəcəyini vurğuladı.

Görüşdə iqlim dəyişikliyinin artıq Cənubi Qafqaz regionuna da öz təsirlərini göstərdiyi, bu xüsusda Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi, Azərbaycanda, həmçinin çaylarda suyun həcminin azalması və digər fəsadların hiss olunduğu qeyd edildi. Söhbət zamanı Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihələrində də AYİB ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə toxunuldu.

***

Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İan Borq dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik etdi.

Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı öz növbəsində Maltanın ATƏT-in fəaliyyətdə olan sədrliyi münasibətilə təbriklərini çatdırdı.

Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin – bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirərək, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd etdi.

Dövlətimizin başçısı bildirdi ki, Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib.

Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdırdı.

Görüşdə Maltanın xarici, Avropa işləri və ticarət naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, Maltanın da kiçik ada ölkələrinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə həssaslıqla yanaşdığını və bu xüsusda Azərbaycan ilə birgə əməkdaşlığa hazır olduğunu bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan COP çərçivəsində inklüziv konsepsiyanın tərəfdarıdır və kiçik ada dövlətlərinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə çox həssaslıqla yanaşır.

Görüşdə Azərbaycanın sədrliyi dövründə bu məsələyə xüsusi diqqət yetiriləcəyi və bu xüsusda da Malta ilə, həmçinin ATƏT platformasından istifadə edilərək birgə əməkdaşlığa hazırlıq ifadə olundu.

Prezident İlham Əliyev Münxendə ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb

Prezident İlham Əliyev Münxendə ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb

Prezident İlham Əliyev Münxendə ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb

***

Fevralın 16-da 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münxen şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Marianinin görüşü olub.

Globalinfo.az bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Görüşə görə təşəkkürünü bildirən Lorenzo Mariani dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə “Leonardo” şirkəti ailəsi adından səmimi-qəlbdən təbrik etdi. Vurğuladı ki, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıqdan irəli gələrək, şirkətin ölkəmiz ilə əməkdaşlığı uğurla inkişaf edir.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə “Leonardo” şirkəti arasında əməkdaşlıqdan məmnunluğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, prezident seçkilərində qələbə qazanması münasibətilə İtaliya Prezidenti tərəfindən göndərilmiş təbrik məktubunda İtaliya-Azərbaycan əlaqələrinin mükəmməl səviyyədə olduğu xarakterizə edilmişdir. Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-İtaliya əlaqələrinin həqiqətən mükəmməl xarakter daşıdığını və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini bildirdi.

Söhbət zamanı Azərbaycan ilə “Leonardo” şirkəti arasında müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik və kosmik sahələrdə, eyni zamanda, SOCAR ilə “Leonardo” şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı, bu əməkdaşlıqdan məmnunluq ifadə olundu.

Prezident İlham Əliyev Münxendə "Leonardo" şirkətinin baş həmdirektoru ilə görüşüb