Mobil nömrələr istifadədən çıxarıldıqdan sonra başqa şəxslərə verildikdə əvvəlki sahibin bank və sosial şəbəkə hesabları üçün təhlükəsizlik riski yarana bilər. Deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında bu məsələni qaldıraraq istifadə olunmayan nömrələrin yenidən dövriyyəyə buraxılması zamanı əlavə təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb.
Mobil nömrələrin yenidən dövriyyəyə buraxılması zamanı şəxsi məlumatların və elektron hesabların təhlükəsizliyini qorumaq üçün hansı mexanizmlər tətbiq edilməlidir?
Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənovun sözlərinə görə, mobil nömrənin yenidən başqa şəxsə verilməsi adi texniki proses kimi görünür, amma əslində bunun arxasında ciddi rəqəmsal təhlükəsizlik riski var:
“Çünki bu gün telefon nömrəsi bank hesabının, sosial şəbəkənin, messencerin, elektron poçtun və bir çox xidmətin bərpa açarı kimi istifadə olunur. Problem o zaman yaranır ki, əvvəlki abonent nömrəni hesablarından çıxarmadan ondan imtina edir. Sonra həmin nömrə yeni şəxsə verilir və bu adam köhnə sahibə aid təsdiq sms-ləri, hesab bərpa kodları və digər bildirişləri ala bilər. Mən deyərdim ki, bu xüsusilə yalnız sms üzərindən hesab bərpası olan platformalarda təhlükəli vəziyyətdir”.
Mütəxəssisin fikrincə, bu məsələdə ən vacib addımlardan biri nömrənin dərhal yenidən satışa çıxarılmamasıdır:
“Müəyyən bir karantin müddəti olmalıdır. Yəni nömrə bir müddət passiv saxlanmalı, sonra yenidən dövriyyəyə buraxılmalıdır. Bu, əvvəlki sahibə hesablarındakı nömrəni dəyişmək üçün vaxt qazandırar. Amma təkcə operatorun tədbiri kifayət deyil. Banklar və digər rəqəmsal xidmətlər də telefon nömrəsinə həddindən artıq güvənməməlidir.
Elvin Həsənov
Hesab bərpasında sms kodu ilə yanaşı biometrik təsdiq, cihaz tanıma, əlavə pin və ya başqa təhlükəsizlik mərhələsi olmalıdır. Yəni yeni nömrə sahibi sadəcə sms aldığı üçün köhnə sahibin hesabına çıxış əldə edə bilməməlidir”.
E.Həsənov hesab edir ki, ən doğru həll operatorlar, banklar və böyük rəqəmsal platformalar arasında texniki məlumat mübadiləsinin qurulmasıdır:
“Nömrənin sahibi dəyişəndə sistem bunu kritik xidmətlərə bildirə bilər və həmin nömrə ilə hesab bərpası avtomatik əlavə yoxlamaya yönləndirilə bilər. Vətəndaşların da bu məsələdə diqqətli olması vacibdir. Nömrədən imtina etməzdən əvvəl bank, whatsapp, telegram, e-poçt və sosial şəbəkələrdə əlaqə nömrəsi dəyişdirilməlidir. Çünki problem çox vaxt illər əvvəl açılmış və artıq unudulmuş hesablardan başlayır. Sadə dildə desək telefon nömrəsi artıq sadəcə rabitə vasitəsi deyil, rəqəmsal şəxsiyyətin bir hissəsidir. Ona görə də nömrənin sahibi dəyişirsə, təhlükəsizlik baxımından köhnə sahibə bağlı bütün kritik əlaqələr də ya silinməli, ya da əlavə yoxlamaya keçirilməlidir”.
Zaira Akifqızı
Globalinfo.az