Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin görüşü olub.
Globalinfo.az xəbər verir ki, Kriştof Xoysqen Münxen Təhlükəsizlik Konfransına dəvəti qəbul etdiyinə və iştirakına görə dövlətimizin başçısına təşəkkürünü bildirdi, COP29-un Azərbaycana keçirilməsi münasibətilə təbriklərini çatdırdı.
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransına dəvətə görə təşəkkürünü və COP29 ilə əlaqədar təbriklərə görə minnətdarlığını ifadə etdi.
Kriştof Xoysqen qeyd etdi ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təhlükəsizliyə münasibətdə əhatəli və müfəssəl bir yanaşma var, ona görə iqlim dəyişikliyi də təhlükəsizlik konsepsiyasının bir hissəsi hesab olunur. O, bu xüsusda, Münxen Təhlükəsizlik Konfransının Katibliyi olaraq Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğuladı.
Bu təklif dövlətimizin başçısı tərəfindən məmnunluqla qəbul edildi. Azərbaycanın COP Təşkilat Komitəsi tərəfindən Münxen Təhlükəsizlik Konfransının Katibliyi ilə bu istiqamətində birgə işin aparılacağı diqqətə çatdırıldı.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan COP29-un mahiyyət üzrə nəticəyönümlü sessiya olması üçün bütün beynəlxalq tərəfdaşlarla birgə işləməyə hazırdır. Hazırda COP çərçivəsində üçlük mexanizmi yaradılıb ki, bu, Birləşmiş Ərəb Əmirliklərini, Azərbaycanı və Braziliyanı bir araya gətirir.
Görüşdə, həmçinin regional məsələlər müzakirə olundu. Dövlətimizin başçısı bu xüsusda Azərbaycanın sülh gündəliyini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini dedi. Bu istiqamətdə Almaniya Kansleri Olaf Şotsun təşəbbüsü ilə təşkil olunan görüşün səmərəli və konstruktiv şəraitdə keçdiyini diqqətə çatdırdı.
XXX
Fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Bundestaqın Xristian-Demokrat / Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının üzvü Armin Laşetin görüşü olub.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
XXX
Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburqun görüşü olub.
Globalinfo.az xəbər verir ki, Aksel Trotsenburq Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırdı, bunun ölkəmizin yaşıl keçidə və iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi dəstəyin təzahürü olduğunu bildirdi. O, Dünya Bankının Azərbaycanla bu istiqamətdə əməkdaşlığa hazır olduğunu qeyd etdi.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu. Azərbaycanın xarici borcunun hazırda 7 faiz civarında olmasının çox müsbət göstərici olduğu və bütövlükdə iqtisadi göstəricilərin çox müsbət xarakter daşıdığı vurğulandı.
COP29-un iqlim maliyyələşdirilməsi mövzusuna həsr ediləcəyi nəzərə alınaraq, bu mühüm tədbir çərçivəsində də Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yaxşı imkanların olduğu diqqətə çatdırıldı.
Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən bərpaolunan enerji layihələri haqqında məlumat verdi. Bunların, ilk növbədə, milli və regional səviyyədə layihələr olduğunu dedi, bu xüsusda, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsi və Xəzər dənizində Azərbaycanın bərpaolunan enerji potensialının 157 qiqavatdan artıq olduğu, ölkəmizin yaxın müddətdə yaşıl enerji ixracatçısı olacağı qeyd edildi və bütün bunlar müsbət addım kimi qiymətləndirildi.