27681e95 b207 436a ab4b 0bab27982935

“Məsud Pezeşkian İranda islahatçılar qanadına mənsub siyasətçidir. Baxmayaraq ki, onun Ali dini rəhbər ilə yaxın münasibətdə olduğunu söyləyirlər. Onun çıxışlarında Ali dini rəhbərə müraciətləri də deməyə əsas verir ki, onlar arasında bağlılıq var”.

Bu sözləri Globalinfo.az -a politoloq Əlimusa İbrahimov Məsud Pezeşkianın İran prezidenti seçilməsinin ardınca atacağı addımları şərh edərkən deyib.

Onun sözlərinə görə, Pezeşkian İran siyasətinə yad adam deyil, bu vaxta qədər siyasi ağırlıq daşıyan vəzifələrdə çalışıb:

“Amma İran cəmiyyətinə daha yaxından tanış olan şəxs də hesab oluna bilməz. Prezident vəzifəsində o, hansı dəyişiklər edəcək və ya seçkiqabağı kampaniya zamanı verdiyi vədləri yerinə yetirə biləcəkmi? Bu suallara birmənalı cavab vermək çətindir. Çünki onun Ali dini rəhbərlə münasibətlərinin hansı səviyyədə qurulacağı barədə fikir söyləmək olmur. Amma istənilən halda yeni seçilmiş islahatçı, həm də xalq kütləsinin səsini qazanmış bir şəxs kimi onun prezidentliyi sələflərinin hakimiyyətindən fərqlənəcək.

Bu istiqamətdə bizi maraqlandıran bir sıra məsələlər var. Onlardan birincisi Azərbaycan Respublikası ilə münasibətlərdir. Düşünürəm ki, Azərbaycan-İran münasibətləri fərqli şəkildə inkişaf edəcək. Mən çox ciddi müsbət addımların atılacağını gözləyirəm. Dediklərimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Pezeşkianı ilk təbrik edən dövlət başçısı olması da sübut edir.

Türkiyə-İran münasibətləri də müsbət istiqamətdə inkişaf edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Almaniyadan dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən verdiyi bəyanat bunu təsdiq edir”.

Ekspert deyib ki, İran-Ermənistan münasibətlərinin durğunluq dövrünə qədəm qoyacaq:

“Çünki Pezeşkian hələ deputat olarkən İran- Ermənistan münasibətlərinin yaxın olmasına qarşı öz etirazını bildirmişdi. İndi təbii ki, bu münasibətləri kəsmək mümkün olmayacaq, amma Ermənistanla yeni layihələrdən, yaxınlaşmadan söhbət gedə bilməz. Bunu Ermənistan da yaxşı başa düşür və artıq yasa batıblar.

Təbii ki, nə Azərbaycan, nə də Türkiyə azərbaycanlının İranda Prezident seçilməsindən öz mənafeləri naminə istifadə etmək haqqında düşünmürlər. Bizi maraqlandıran əsas məsələ 40 milyonluq soydaşımızın iqtisadi, mədəni, siyasi səviyyəsinin yüksək olması və bir-birimizlə əlaqələrin intensivləşməsidir. Düşünürəm ki, bu sahədə ciddi dəyişikliklər mümkündür. Belə demək mümkünsə Pezeşkian əlində olan imkanlardan maksimum istifadə edərək seçki kampaniyası zamanı verdiyi vədlərə riayət etməyə çalışacaq. Amma nəyi isə edə bilməsə, deməli ona imkan vermirlər. Bunu unutmaq və yeni seçilmiş prezidentdən imkanı xaricində olan məsələlərin həllini tələb etmək barədə də düşünməli deyilik”.

elimusa heyderov
Əlimusa İbrahimov

Ə.İbrahimov deyib ki, Pezeşkian əlindəki vasitələr imkan versəydi, xarici siyasətdə aşağıdakı məsələləri yerinə yetirərdi:

“Diplomatiyanın imkanlarından geniş istifadə edərdi. İslahatçı kimi Pezeşkian Qərb də daxil olmaqla, digər ölkələrlə daha çox diplomatik əlaqələrə təkan verə bilər. Bu, danışıqların dəstəklənməsi, dialoqun təşviqi və münaqişələrin sülh yolu ilə həllinin təşviq edilməsini əhatə edə bilər.
İqtisadi Əlaqələri inkişaf etdirərdi. O, İran iqtisadiyyatını yaxşılaşdırmaq üçün digər ölkələrlə iqtisadi əlaqələrin gücləndirilməsinin tərəfdarı ola bilər, bununla da beynəlxalq sanksiyaların aradan qaldırılması və ya yumşaldılması, xarici investisiyaların cəlb edilməsi səylərini genişləndirə bilərdi.
Regional sabitliyin bərqərar olmasına çalışardı: Pezeşkian diqqətini qonşu ölkələrlə əməkdaşlığı inkişaf etdirməklə regional sabitliyin gücləndirilməsinə yönəldə bilər. Bu, Yaxın Şərqdə, xüsusən də Səudiyyə Ərəbistanı və İsrail kimi ölkələrlə gərginliyin azaldılması istiqamətində fəaliyyəti əhatə edə bilər.

İnsan Haqlarını mühüm atributa çevirərdi. İran daxilində daha yaxşı idarəçiliyin və insan haqlarının təşviqi də diqqət mərkəzində ola bilər, çünki İranın daxili vəziyyətinin yaxşılaşdırılması onun xarici əlaqələrinə dolayı təsir göstərə bilər. Daha demokratik və şəffaf İran beynəlxalq səhnədə daha çox etibar qazana bilər. Çoxtərəfli münasibətləri inkişaf etdirərdi. O, İranın beynəlxalq təşkilatlarda və BMT və nüvə silahlarının yayılmaması müqavilələri kimi çoxtərəfli sazişlərdə fəal iştirakını dəstəkləyə bilər.

Şərq və Qərbi balanslaşdırmaq siyasətinə təkan verərdi. Pezeşkian həm Çin və Rusiya kimi Şərq dövlətləri, həm də Qərb ölkələri ilə münasibətləri qoruyan balanslaşdırılmış xarici siyasətin tərəfdarı ola bilər, beləliklə, hər hansı bir bloka həddən artıq etibar etməkdən çəkinər.
Bununla belə, qeyd etmək vacibdir ki, İranın xarici siyasəti əsasən Ali Rəhbər və Xarici İşlər Nazirliyi tərəfindən idarə olunur, buna görə də Pezeşkianın təsiri, çox güman ki, bu hakimiyyət orqanlarının qarşıya qoyduğu daha geniş strateji hədəflərlə məhdudlaşacaq.

Amma təkcə mənim deyil, o taylı, bu taylı bütün Azərbaycan türklərinin həm də Türkiyədə yaşayan millətimizin istəyi Pezeşkianın prezident kimi ilk xarici səfərinin Azərbaycana olması və qısa zamanda İranın Türk Dövlətləri Təşkilatına ən azından namizəd statusu ilə qoşulmasıdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: