rusiya ermenistan 900x551 1

İyulun 27-dən etibarən Rusiya Ermənistandan süd məhsullarının idxalını daha da məhdudlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.

Qərara əsasən, indiyədək məhdudiyyət tətbiq edilməyən müəssisələrin də süd məhsullarının Rusiyaya ixracı qadağan olunur.

Səbəb kimi iyulun 14-21-də keçirilən yoxlamaların nəticələri göstərilir. Bildirilir ki, bəzi müəssisələr istehsalda xəstə heyvanlardan alınmış süddən, eləcə də üçüncü ölkələrdən gətirilən xammaldan istifadə ediblər.

Rosselxoznadzor vurğulayıb ki, oxşar pozuntular 2023 və 2024-cü illərdə də qeydə alınmışdı. H

əmin vaxt məhdudiyyət tətbiq edilməsə də, bu dəfə Rusiyaya xüsusilə təhlükəli infeksiyaların daxil olmasının və təhlükəli məhsulların bazara çıxmasının qarşısını almaq üçün dərhal tədbirlər görülüb.

Qurumun açıqlamasında həmçinin qeyd olunub ki, Ermənistan hökumətinin 2019-cu ildə həyata keçirdiyi islahatlardan sonra ölkənin kənd təsərrüfatı istehsalçılarına nəzarət sistemi zəifləyib və rəsmi İrəvan bu sahədə effektiv nəzarəti təmin edə bilmir.

Qeyd edək ki, Ermənistan məhsullarına qadağalar kampaniyası may ayında başlayıb. Həmin vaxtdan etibarən Rusiyaya pomidor, xiyar, bibər, göyərti, çiyələk, mineral su, balıq və balıq məhsulları, albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin, üzüm, quru meyvələr, badımcan, kartof və güllərin idxalına müxtəlif məhdudiyyətlər tətbiq olunub.

Rosselxoznadzorun rəhbəri Sergey Dankvert isə bu kütləvi qadağaların siyasi motivli olması ilə bağlı iddiaları rədd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: