Pensiya yaşının azaldılması gözlənilir? – Sabiq nazir izah etdi

Artıq bir müddətdir ki, Azərbaycanda pensiya yaşının azaldılması istiqamətində müxtəlif fikirlər irəli sürülür. Bununla bağlı ictimaiyyətlə yanaşı deputatlar, bəzi iqtisadçılar, məmurlar da təkliflər edir. Pensiya yaş həddi digər ölkələrlə müqayisə edilir, lakin hələ ki, müsbətə doğru dəyişiklik yoxdur.

Hökumət niyə pensiya yaşının aşağı salınmasına qarşı çıxır?

Mövzunu Globalinfo.az-a şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, pensiya yaşı bütün cəmiyyətlər üçün çox həssas mövzudur.

Onun sözlərinə görə, bu məsələyə müxtəlif ölkələrdə fərqli münasibət var:

“Yanaşmalar təbii ki, yalnız pensiya yaşının səviyyəsinin müəyyən olunması ilə bağlı deyil. Burada söhbət həm də vətəndaşlara pensiya məbləğlərinin müəyyən olunmasında hansı meyarların əsas götürülməsindən gedir. Yəni obrazlı desək, dünyada pensiya məbləğinin və pensiya yaşının müəyyənləşdirilməsi məsələlərində bir-birini olduğu kimi təkrarlayan iki ölkəyə rast gəlmək mümkün deyil.

Pensiya üzrə yaş həddi müəyyən edilərkən bir qayda olaraq hökumətlər ilk növbədə ölkədə insanların orta yaş həddini əsas götürülər. Əgər bu prizmadan çıxış edib, inkişaf etmiş ölkələrdə insanların orta yaş və pensiya yaş həddinə baxsaq, həmin ölkələrdə insanların orta yaşının çox olması səbəbindən pensiya yaşının da yüksək olduğunun şahidi olarıq. Məsələn, insanların orta yaşı Yunanıstanda və Portuqaliyada 82, İtaliyada 84 ildir. Bu ölkələrdə vətəndaşların pensiya yaşı isə Yunanıstan və İtaliyada 67, Portuqaliyada 68 yaş müəyyən edilib”.

Sabiq nazir deyib ki, Azərbaycanda orta yaş həddi 74 müəyyən olunur:

“İnsanların təqaüd yaşının artırılması üçün götürülən əsas meyar son illərdə ölkəmizdə orta yaşam səviyyəsinin artması ilə bilavasitə bağlıdır. Vətəndaşların 65 yaşında təqaüdə çıxması da daha çox bu göstərici ilə əlaqəlidir. İnsanların pensiya yaşının artırılması cəmiyyətdə birmənalı qarşılanmır. Hətta Milli Məclisdə deputatlar bununla bağlı fikirlər səsləndirir və ölkədə pensiya yaşının azaldılmasına dair çağırışlar edirlər. Xatırladıram ki, vaxtilə bir məkanda olduğumuz Rusiya və Özbəkistanda da kişilərin pensiya yaşı 65 müəyyən olunub”.

Qeyd edək ki, Azərbaycanda qadınların pensiya yaşı 63.6, kişilərin isə 65-dir.

Zaira Akifqızı
Globalinfo.az