Paşinyanın Ərdoğana zəngi: Türkiyə lideri ona deyib ki…

“ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü bitdi. Bu görüşdə sülh müqaviləsinin mətninin hazırlanması və tərəflər arasında fikir ayrılıqlarına son verilməsi istiqamətində müəyyən irəliləyişlər oldu. Diqqətçəkən başlıca məqam isə danışıqların davam etdiyi saatlarda Ermənistan Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub”.

Bu sözləri Globalinfo.az-a politoloq Məhəmməd Əsədullazadə Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Qurban bayramı münasibətilə zəng etməsi haqda deyib.

Onun sözlərinə görə, bu günə qədər iki ölkə başçısı arasında bayramlaşma məktublaşma ilə həyata keçirilirdi:

“Amma bu dəfə iki lider arasında təbrik telefonla baş tutdu. Bu telefon danışığında ictimaiyyətə məlumat verilməsə də, xarici işlər nazirlərinin görüşü fonunda R.T.Ərdoğanın N.Paşinyanla danışıqlarda siyasi iradə ortaya qoymağı, qeyri-konstruktiv iddialardan çəkinməyi nəzərinə çatdırması istisna deyil.

Artıq danışıqlar prosesində Türkiyə də var. Məhz Ankara birbaşa İrəvana təsir etməkdədir. Əgər Vaşinqton görüşü müsbət istiqamətdə irəliləyirsə, burada Türkiyənin rolu müstəsnadır. İki ölkə liderləri üçüncü dövlətlərin vətəndaşları üçün sərhəddən keçid məsələlərini müzakirə etsə də, Azərbaycanla bağlı məsələlər gündəliyə çıxarılmır. Demək olar ki, Ermənistanla danışıqlarda Türkiyə fonda prosesləri idarə edir”.

Turan Rzayev
Globalinfo.az