Paşinyanın Şarl Mişeldən xahişi: növbəti Brüssel görüşü üçün Bakının şərti…

“Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Birliyi Şurasının sədri Şarl Mişelə telefon zəngi etməsi təsadüfi deyil. Rəsmi İrəvan son baş verən hadisələr fonunda növbəti Brüssel görüşün olmasını istəyir”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Ermənistan Baş naziri Nikol Paşinyanla Avropa Birliyi Şurasının sədri Şarl Mişelə telefon zəngi etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyan bu və ya başqa formada Brüssel görüşündə əldə edilən razılaşmanın icra edildiyini anlayır və bundan sonra nələrin olacağını müəyyən etmək üçün Brüssel görüşün keçirilməsini istəyir:

“Telefon danışığının motivi bəlli olmasa da hesab edirəm, Paşinyan Mişeldən Prezident İlham Əliyevlə danışmasını və növbəti görüşün keçirilməsi istiqamətində ondan razılıq əldə etməsini istəyib.
Rəsmi Bakı prinsip etibarilə belə bir görüşdən imtina etməyəcək. Lakin əlbəttə ki, şərtimiz hələ də aktual olaraq qalır. Söhbət Fransanın bu görüşdə iştirak etməməsindən gedir. Fransa heç bir halda belə bir görüşün tərəfi ola bilməz. Azərbaycan bu şərt daxilində Brüsseldə növbəti görüşün keçirilməsində maraqlı ola bilər”.

Politoloqun sözlərinə görə, Brüsseldə Ermənistan və Azərbaycan liderlərinin təkbətək görüşünün də baş tutması mümkündür:

Qabil Hüseynli

“Əliyev-Paşinyan ikili görüşünü keçirməsi üçün ən uğurlu yer Brüsseldir. Xüsusilə Paşinyan indiki məqamda Azərbaycan Prezidenti ilə görüşmək istəyir. Çünki o özü də başa düşür ki, mövcud vəziyyət uzun müddət davam edə bilməz.

Hesab edirəm, ölkə başçılarının ikili görüş keçirilməsində yaxşı fürsət yetişib. Paşinyanın Ermənistan parlamentində çıxışı zamanı qeyd etdiyi məqamlarda İrəvanın ritorikasının loyallaşdığını göstərir. Bu görüş baş tutsa, nəticəsi yekun sülh müqaviləsinin imzalanması üçün effektiv ola bilər”.

Turan Rzayev
Globalinfo.az