Paşinyanın böyük oyunu – İrəvan tarixi “qapı”nı bağlayır

Ermənistan parlamentinin deputatları ölkənin Avropa İttifaqına (Aİ) üzvülük üçün namizədliyinin irəli sürülməsi ilə bağlı müzakirələr aparıldığını açıqlayıblar.

Baş nazir Nikol Paşinyanın da son zamanlar Aİ-Ermənistan münasibətlərinin inkişafı və daha da yaxınlaşması haqda açıqlamaları diqqət çəkir. O cümlədən, Moskva İrəvanın KTMT-dən çıxacağı halda, Avrasiya İqtisadi İttifaqından (Aİİ) kənarlaşdırılması ehtimalına da diqqət çəkib.

Son zamanlar Azərbaycana qarşı qərəzli mövqeyinin müşahidə olunduğu Aİ yaxın müddətdə Ermənistanın namizədliyini rəsmən təsdiq edə bilərmi?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova bildirib ki, Ermənistanın Aİ-yə namizədliyi yalnız bir halda gündəmə gətirilə bilər:

“İlk olaraq qeyd edək ki, Ermənistan hər zaman olduğu kimi hər iki istiqamətdə də sadəcə şifahi bəyanatlarla çıxış edir. Yəni heç bir əməli addım yoxdur. Ümumiyyətlə, Avropa İttifaqına üzvlük və KTMT-dən çıxmaqla bağlı qərarlar mərhələli şəkildə həyata keçirilməlidir. Çünki bu proseslərin heç biri bir neçə gün ərzində icra oluna biləcək qədər sadə deyil. Faktiki olaraq Ermənistan KTMT-dən çıxmaqla bağlı rəsmi müraciət etməyib. Digər tərəfdən isə Rusiya artıq Ermənistanın bu addımı atacağı təqdirdə, Avrasiya İqtisadi İttifaqından da çıxarılacağını bəyan etdi. Prosedur olaraq da bu belə olmalıdır, çünki Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı əks qütblərin birləşdiyi iki fərqli əməkdaşlıq platformasıdır. Ona görə də, birinci addım olaraq bu iki istiqamətdə rəsmi proses yekunlaşmalıdır. Sonrakı mərhələdə Aİ-na üzvlüklə bağlı Ermənistanın namizədliyi məsələsi gündəmə gələ bilər. Bu isə kifayət vaxt tələb edir”.

Politoloq Ermənistanın seçimləri nəticəsində Ukraynanın taleyini yaşa biləcəyini qeyd edib:

“Nəticə etibarilə proseslərin inkişaf xronikası heç də Ermənistanın xeyrinə olmaya bilər. Çünki bu proses başladığı andan bitənə qədər Ermənistanın Qərb ilə Rusiya arasında yeni qarşıdurma meydanına çevrilməsi, növbəti “Ukrayna ssenarisi”nin təkrarlanması mümkündür. Yəni bu proseslər yekunlaşana qədər Ermənistan nə KTMT-dən çıxaraq Rusiyanın təsir dairəsindən uzaqlaşa biləcək, nə də Avropa sona qədər bugünkü “şövqlə” Ermənistanın yanında qalacaq. Belə olan halda da Ermənistanın Qərb ilə Rusiya arasında “manevr” siyasəti regionun təhlükəsizliyi üçün ciddi təhdidlər formalaşdırır.

Amma beynəlxalq hüququn öz gücünü itirdiyi bir sistem daxilində Qərb bir az daha irəli gedərək birinci proses yekunlaşmadan da Ermənistanın namizədliyinin təsdiqlənməsi məsələsini gündəmə gətirə bilər. Amma bu, heç bir halda Ermənistanı həqiqətən də ittifaqa qəbul etmək niyyətinin ifadəsi olaraq dəyərləndirilməməlidir. Sözügedən addım sadəcə Rusiyaya qarşı olan demarş çıxışlardan biridir və yeni “alət” olaraq Ermənistan istifadə olunur”.

Ayşən Mustafa
Globalinfo.az