WhatsApp Image 2024 03 04 at 12.36.05

“Sülh müqaviləsi mətninin 13 maddəsi və ön söz artıq razılaşdırılıb. Təklif edirik, sənədin həmin hissəsini əsas götürək və imzalayaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “İrəvan dialoq” forumunda deyib.

Onun sözlərinə görə, müqavilə mətninin 80%-i artıq hazırdır, bu isə sülhü daha yaxın edir:

“Cənubi Qafqazda davamlı sülh hazırda realdır. Biz hazırkı mətni imzalaya bilərik. O müqavilə fundamental sənədimiz olsun, qalan məsələlərin müzakirəsini də davam etdirək”.

N.Paşinyan Zəngəzur dəhlizi məsələsinin ümumi regional kommunikasiyaların bir hissəsi olduğunu deyib:

“9 noyabr (10 noyabr bəyanatı – red.) bəndinin 9-cu maddəsində regiondakı bütün kommunikasiyaların blokadadan çıxarılması nəzərdə tutulur. Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında yolun açılması 9-cu maddənin alt bəndidir.  Sözügedən maddənin əsas məzmunu regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasıdır. Biz bu yolun açılmasına təminat verməyə hazırıq. Bəyanatda o yola üçüncü bir qüvvənin nəzarət edəcəyinin qeyd olunduğuna dair informasiya yayılır. Lakin sənəddə elə bir şey yoxdur. Orada təhlükəsizliyin təminatçısı Ermənistandır “.

Qeyd edək ki, N.Paşinyan “alt bənd” ifadəsini səsləndirərək 10 noyabr bəyanatını təhrif edir. Sözügedən bəyanatın 9-cu maddəsində Naxçıvana yolun açılması açıq şəkildə qeyd edilib:

9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: