İrəvana ötürülən “məxfi məlumatlar”… – “Bu aylarda sərhəddə toqquşma ola bilər”

Azərbaycan-Ermənistan sərhədində müharibənin olacağı ilə bağlı iddialar yenidən gündəmə gəlib.

Həmçinin Ermənistan KİV-də İrəvanın danışıqlar prosesində mövqeyini gücləndirmək üçün hücuma keçəcəyi, bir neçə yüksəkliyi tutmaq istədiyinə dair məlumatlar yayılıb. Eyni zamanda Fransanın Ermənistanın sərhədboyu ərazilərində hərbi məlumatları peyk vasitəsilə İrəvana ötürəcəyi ilə bağlı yayılan informasiyalar da diqqət çəkir.

Maraqlıdır, sərhəddə yeni gərginlik gözlənilirmi? Azərbaycanı müharibəyə hazırlaşmaqda ittiham edən Ermənistan sərhəddə hücuma keçməyə risk edə bilərmi? Fransanın Ermənistana Azərbaycan, Rusiya, İran və Türkiyə ilə sərhəddən ötürəcəyi peyk məlumatları irəvana nə kimi üstünlük qazandıra bilər?

Globalinfo.az-a danışan hərbi-siyasi ekspert Telman Qasımov sərhəddə eskalasiya riskinin onümüzdəki zamanalrda da daha da artacağını bildirib:

“Yaz aylarına doğru havalar isindikcə iki ölkə arasında sərhədboyu eskalasiya riski getdikcə artacaq. Artıq şərti sərhəddə atəşkəs iki dəfə pozulub. Təqribən aprel-may aylarında eskalasiyanın baş vermə ehtimalı yüksəkdir. Məlumdur ki, Ermənistanı buna təşviq edən böyük qüvvələr var. Yəni İrəvanın iradəsindən asılı olmayaraq onunla bağlı plan bu istiqamətdədir. Ermənistanın baş naziri və müdafiə naziri Fransada səfərdə olarkən razılaşma əldə etdilər ki, Parisin peyk sistemləri vasitəsi ilə Ermənistanın sərhədboyu ərazilərində kəşfiyyat məlumatları toplanaraq İrəvana ötürülsün”.

Ekspert qeyd edib ki, Parisin İrəvana göndərdiyi silah və texnikalarla bağlı narahatlığa əsas yoxdur:

“Ermənistana verilən “Bastion” zirehli maşınları şəhər və səhralıq ərazilərdə döyüşlər aparmaq üçün nəzərdə tutulub. Lakin Azərbaycan-Ermənistan sərhədindəki relyefdə həmin texnikalarla irəliləmək o qədər də effektli deyil. Çünki sərhədboyunca relyef daha çox dağlıq ərazilərdən ibarətdir. Sözügedən texnikalar isə Səudiyyə Ərəbistanı, İran kimi ölkələrin ərazisində döyüş üçün nəzərdə tutulmuşdu. Həmçinin bu maşınlar sadəcə şəhər döyüşlərində yaralaların daşınması üçün effekli ola bilər.

Eyni zamanda Ermənistanın hava sahəsinin qorunması üçün Rusiya ilə arasında razılaşma var. Bu səbəblə Paris İrəvana radar sistemləri göndərməklə Rusiyanın Ermənistan hava məkanından uzaqlaşdırılmasını nəzərdə tutur”.

“Yəni ümumilikdə Ermənistana daşınan silahlar arasında Azərbaycanı narahat edəcək heç bir texnika yoxdur. Dmeək olar ki, ermənilərə satılanlar oyuncaqdır. Həmçinin Azərbaycanda ordu quruculuğu davam edir. Bizə lazım olan 4 və 5-ci nəsil silahlı texnikalar alırıq”, – ekspert bildirib.

Ayşən Mustafa
Globalinfo.az