Məhkəmə İmran xana hücumu araşdırmağı əmr etdi

Pakistanın Pəncab əyalətinin polisi keçmiş baş nazir İmran Xana bir neçə gün öncə edilmiş hücumla bağlı araşdırmalar aparır.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Pakistan mediası yayıb.

Bununla bağlı Pəncab əyalətinin baş müfəttişi Faysal Şahkar Ali Məhkəməyə noyabrın 3-də Vəzirabadda İmran Xana hücumla bağlı işin qeydiyyatına dair hesabat təqdim edib.

Pakistanın Ali Məhkəməsi Pəncab əyalət polisinə 24 saat ərzində keçmiş baş nazirə sui-qəsd cəhdi ilə bağlı təhqiqata başlamağı əmr edib.

Yeni seçkilərin keçirilməsi tələbi ilə müxalifətdə olan Pakistan Təhrik-e-İnsaf partiyasının yürüşü ötən həftə başlayıb və etirazçılar noyabrın 11-dək ölkənin paytaxtı İslamabada çatmağı planlaşdırıblar. İmran Xana qarşı sui-qəsd cəhdindən sonra partiya liderləri ölkənin paytaxtına yürüşü davam etdirəcəklərini bildiriblər.

Bundan əvvəlki etiraz yürüşü mayın 25-də İmran Xanın minlərlə tərəfdarı İslamabada çatanda baş tutub. Yürüş zamanı etirazçılar polislə toqquşub, hər iki tərəfdən onlarla adam yaralanıb. Qarşıdurma zamanı polis əməkdaşları dəfələrlə gözyaşardıcı qazdan istifadə edib və havaya atəş açıblar.

Aprelin əvvəlində Pakistan parlamentinin aşağı palatası Xana etimadsızlıq səsverməsi keçirib və o zaman müxalifətdə olan Pakistan Müsəlman Liqasının (N) prezidenti Şahbaz Şərifi baş nazir seçib.

Pakistan Seçki Komissiyası aprelin bildirib ki, 2023-cü ilin may ayına qədər ümumi seçki keçirilməyəcək.