Məktəbdən direktorun özünü “Ərtoğrul bəy”ə bənzətməsinə reaksiya – VİDEO

Bakıda 124 nömrəli tam orta məktəb direktorunun özünü “Ərtoğrul bəy” kimi aparması iddialarına münasibət bildirilib.

Globalinfo.az-ın xəbərinə görə, məktəbdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Novruz bayramı ilə əlaqədar təhsil müəssisəsində təşkil olunmuş tədbirdə tarixi məzmunda şagirdlərin dünyagörüşünü genişləndirmək və onların bədii təxəyyülünü inkişaf etdirmək üçün məktəbin direktoru məktəblilərlə bərabər kiçik səhnəcikdə (10 dəqiqəlik) çıxış edib.

Qeyd edilib ki, tədbirin təşkil olunmasının əsas məqsədi məktəblilərin yaradıcılıq bacarıqlarını artırmaq, istedadlı şagirdləri aşkara çıxarmaq, onların yetkin vətəndaş kimi formalaşdırılması işinə dəstək verməkdan ibarətdir.

***15:30

Bakıda 124 nömrəli məktəbdə keçirilən Novruz şənliyi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, məktəbin direktoru Adil Əliyev qırmızı xalat və tac geyinərək özünü məşhur Türkiyə serialındakı Ərtoğrula bənzədib. O, zala daxil olarkən müavinləri “Qalxın, sultan gəlir” deyiblər. Direktor tədbiri də Ərtoğrulsayaq açıq elan edib. Sadəcə “Allahın 99 adı ilə..” sözləri əvəzinə “99 Allahın adı ilə..” deyib ki, bu da gülüşə səbəb olub. Amma insafən, Adil Əliyev inkişafdan da danışıb. Deyib ki, elə sürətlə inkişaf edirik, tezliklə Yaponiya, İsrail, hətta ABŞ-ı geridə qoyacağıq.

Direktorun özünü sultana bənzətdiyi tədbirdən yayılan görüntülər sosial şəbəkədə ciddi tənqid və qınaqlara səbəb olub.