Özəlin Əliyevə zəngi – Türkiyə siyasətində nə baş verir?

IMG 3202

Xəbər verdiyimiz kimi, noyabrın 8-də Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. O, 44 günlük Vətən müharibəsində Qələbənin dördüncü ildönümü münasibətilə Prezidentə və Azərbaycan xalqına təbriklərini çatdırıb.

Bu gəlişmə Türkiyənin hazırkı hakimiyyəti ilə münasibətlərdə problem yaratmaz ki? CHP sədrinin İlham Əliyevlə telefonla danışması qardaş ölkənin həyatında hansı siyasi perspektivdən xəbər verir?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Kamal Kılıçdaroğlunun dövründə CHP-nin Azərbaycana münasibəti daha radikal idi:

“Prezident İlham Əliyev CHP sədri Özgür Özəl ilə telefon danışığında əvvəllər müəyyən səhvlərin olduğunu deyəndə məhz bunu nəzərdə tuturdu. Çünki CHP zaman-zaman hakim AK Partiyanın Azərbaycanla bağlı mövqeyini dəstəkləməmişdi. Amma bu təkcə siyasi elita ilə bağlı məsələ deyil, həm də regionda yaranan yeni vəziyyətlə bağlıdır. İndiki vəziyyət Kılıçdaroğlunun zamanında olsaydı, onun Azərbaycanla bağlı mövqeyi daha adekvat olardı”.

Siyasi şərhçinin sözlərinə görə, Türkiyə müxalifəti başa düşür ki, növbəti seçkilərdə qalib gələrsə, Azərbaycanla normal münasibətlərin qurulması onlar üçün vacibdir:

“Münasibətlər indi necədirsə, elə də davam etməlidir. Bu həm xalqlar arasında qardaşlığın göstəricisi, həm də Bakının istənilən siyasi elita üçün əvəzsiz tərəfdaş, müttəfiq olduğundan xəbər verir”.

Safura Bənnayeva
Globalinfo.az