“ABŞ və Fransada yaşayan erməni diaspor nümayəndələri ölkənin daxili siyasətinə müdaxilə edirlər”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
Simonyan diaspor nümayəndələrinin xaricdən Ermənistanla bağlı “vətənpərvərlik” çağırışları səsləndirməsini qəbuledilməz hesab etdiyini bildirib.
Onun sözlərinə görə, Ermənistandan minlərlə kilometr uzaqda yaşayan bəzi şəxslər ölkədəki reallıqdan xəbərsiz şəkildə “tarixi xəritələri” paylaşaraq vətənpərvərlikdən danışırlar:
“Danışmaq istəyirlərsə, qoy danışsınlar. Lakin təhqir və cəfəng fikirlər səsləndirirlər. Buna nə haqqınız, nə kifayət qədər məlumatınız, nə də mənəvi əsasınız var”.
Təhlükəsizlik Şurasının katibi diaspor nümayəndələrini Ermənistanda yaşamağa və ölkənin ictimai həyatında birbaşa iştirak etməyə çağırıb. O, vergi ödəmək, burada işləmək və ölkənin sərhədlərinin müdafiəsində iştirak etmək kimi məsələləri də vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az