Bizim evdə naringi (mandalin) ən çox Yeni il ərəfəsində alınırdı, ona görə illər keçsə də, bu meyvənin qoxusu hər gələndə elə bilirəm dekabrdır, bayrama hazırlaşırıq. Bəzi əşyaları, qoxuları beynimiz yaşadığımız, gördüyümüz hadisələrə uyğun kodlayır.
Ağdam narı da mənim üçün Alen Simonyan deməkdir. Səhər xəbər gördüm, Ağdam narını artıq Bolqarıstana, Səudiyyə Ərəbistanına, Slovakiyaya ixrac edəcəyik. Yadıma birbaşa Simonyanın məşhur fotosu düşdü. 2018-ci ildə Ağdamda əlində narla sevincək çəkdirdiyi, sonradan qalmaqal doğuran foto.
Bilənlər bilir, Alen Simonyan mənim Ermənistanda ən bəyəndiyim siyasətçilərdəndir. Hadisələrə baxış tərzi, realist davranması, həqiqəti deməkdən çəkinməmək cəsarəti, 2023-dən sonra ən kritik, Kremlin provakasiyaya çalışdığı zamanlarda belə Bakı ilə sülh çağırışları edən, ölkəsinin boş pafosla deyil, dövrün reallığına uyğun idarə edilməsinə çalışan bir siyasi fiqurdur. Amma Ağdam narı ilə hekayəsini unutmaq günah olar.
Ermənistan hökuməti Qarabağın bu ölkə üçün 30 il təhlükə doğurduğu, inkişafdan saxladığı, Moskvanın əlində Bakı və İrəvana qarşı təzyiq alətinə çevrildiyini dediyi, ərazinin beynəlxalq səviyyədə Azərbaycan torpağı olduğu fikrini müdafiə etdiyi 2024-cü ildə bu çağırışların simalarından biri də Simonyan idi. Ona görə Moskvanın dəstəklədiyi erməni müxalifəti Paşinyan və Simonyanı sıxışdırmağa çalışırdı. Hətta o zamankı parlament spikeri olan Alen Simonyanın 2018-ci ildə Ağdamda narla çəkdirdiyi fotonu da gündəmə gətirmişdilər. Erməni politoloq Qaqik Ambaryan Simonyana “Aknada (Ağdamda – red.) nar tutaraq foto çəkdirəndə BMT qətnamələrindən xəbəri yox idi?”, – sualını ünvanlamışdı. Mətbuatda da foto geniş yayılırdı.
Bəs Simonyan nə etdi? Ən maraqlısı da buradadır. Dünyada, xüsusilə də postsovet məkanında çox-çox az görülən bir addım atdı. Bir siyasətçi, hökumət nümayəndəsi olaraq səhvini cəsarətlə etiraf etdi. Həm də bu sözlərlə:
“Vaxtilə (işğal dövründə – red.) Ağdamda şəkil çəkdirməyim səhv idi. “O zaman şəkil çəkdirdim, çünki sizin məntiqinizlə fikirləşirdim. Mənə də təlqin edilmişdi ki, sən bununla (Ermənistanın indiki əraziləri ilə – red.) kifayətlənməməlisən, Araz çayının o tayında oturub arzular qurmalısan ki, Azərbaycan zəifləsin, bir gün hücum edək, ya da Türkiyə zəifləsin, bir gün hücum edək. Amma bu, bir xalqın parçalanması və məhvi üçün ən qısa yoldur. Bəli, mən səhv etmişəm. Bu arzunu ən kiçik formasında belə boğmaq lazımdır. Çünki sən bunu boğmasan, Ermənistanı itirirsən. Əgər bunu boğmasan, Ermənistan ya parçalanacaq, ya da ümumiyyətlə olmayacaq, Rusiyanın bir hissəsinə çevriləcək”.
Bu, sadəcə bir nar məsələsi deyil, bu, başqa bir qüvvənin bir xalqı necə manipulyasiya edərək gücü öz əlində cəmləməyə çalışmasına güzgü tutmaqdır. Bu, tarixi bir etirafdır. Bu, dünyanın Azərbaycandan üz çevirdiyi, fəlakətlərini görməzdən gəldiyi müddətdə belə Bakının geri çəkilmədən, əzmini itirmədən ona aid olanı geri almaq üçün gecə-gündüz çalışmasının nəticəsidir. Nar sadəcə bir meyvə deyil, bizim coğrafiyamızda, əsasən də Ermənistanda bu meyvənin xüsusi mənaları var.
Ağdamı ilk dəfə canlı görəndə dəhşət içində idim. Gözümün qarşısından 30 illik faciə, Ermənistan mediasında edilən paylaşımlar film kimi keçmişdi. Amma dostlar, bu gün biz sadəcə torpağımızı deyil, kimliyimizə bağlı olan ən xırda zərrəmizə – nar dənələrimizə qədər geri almışıq. Biz bacarmışıq!
Ayşən Mustafa
Globalinfo.az