Azərbaycan və Böyük Britaniya strateji tərəfdaşlığa dair sənədin mətni üzrə razılığa gəlib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasında çıxışı zamanı bildirib.
“Ötən il Böyük Britaniya və Azərbaycan münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər. O vaxtdan bəri hökumətlərimiz bu razılaşmaya real məzmun qazandırmaq üçün intensiv çalışırlar. Məmnuniyyətlə bildirirəm ki, biz həmin tərəfdaşlıq sənədinin mətni üzrə razılığa gəlmişik”, – nazir deyib.
Lord Anas Sarvar bildirib ki, sənədin Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri tərəfindən imzalanması gözlənilir.
“Mən Baş nazirimizin və Prezidentinizin görüşərək bu tərəfdaşlıq sənədini imzalamasını səbirsizliklə gözləyirəm”, – o əlavə edib.
O, Azərbaycanla Böyük Britaniya arasında uzunmüddətli və dərin tərəfdaşlığın mövcud olduğunu, münasibətlərin iqtisadi və müdafiə təhlükəsizliyini də əhatə etdiyini bildirib.