Özbəkistanın tanınmış şairinin kitabları təqdim olundu – FOTOLAR

Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat törəni təşkil olunub.

Globalinfo.az bildirir ki, AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğu ilə baş tutan tədbirə yazarlar, ictimaiyyət nümayəndələri, oxucular qatılıb.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Səlim Babullaoğlu Xasiyyət Rüstəmin yaradıcılığı, Özbəkistan -Azərbaycan arasındakı ədəbi-mədəni əlaqələrdəki rolundan söhbət açıb.

AYB-nin katibi İlqar Fəhmi çıxışı zamanı qardaş xalqlar arasında tarixən mövcud olmuş əlaqələrin günbəgün artmasını, bu inkişafda Xasiyyət Rüstəm kimi ədəbiyyat-mədəniyyət xadimlərinin xidmətinin alqışa layiq olduğunu vurğulayıb.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Xasiyyət Rüstəmin kitablarının Azərbaycanda təqdimatını əlamətdar ədəbiyyat hadisəsi adlandırıb. Onun yaradıcılığında Qarabağ mövzusunun qırmızı xətt kimi keçdiyini söyləyib. Çap olunmuş kitablar haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Filologiya elmləri doktoru, professor Ramiz Əsgər çıxışında Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin tarixində, bu ədəbi əlaqələrdə ədiblərin fədakarlığından danışıb. O bu vaxta qədər 60-dan artıq kitab tərcümə etdiyini, bu kitabların 26-nın Özbəkistan ədəbiyyatından olduğunu bildirib.

Dünya ədəbiyyatı jurnalının baş redaktoru Seyfəddin Hüseynli Xasiyyət Rüstəm imzasının Azərbaycan oxucusuna çox doğma olduğunu, bu kimi tədbirlərin xalqlarımız arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib.

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova çıxışı zamanı Xasiyyət Rüstəm şeirinin dünyanın 26 dilinə tərcümə olunduğunu, çox sərhədlər aşdığını bildirərək, yazarı təbrik edib.

Daha sonra çıxış edən. Özbəkistanın xalq yazıçısı Erkin Azam, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcid, Qafur Şerrmuhammed, “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri Şahin Qədir, yazıçı Kənan Hacı və başqaları qardaş xalqlar arasındakı ədəbi əlaqələrdən bəhs ediblər.

Tədbirin sonunda söz günün səbəbkarı, Özbəkistanın “Şöhrət” medalı laureatı, “Kitab dünyası” qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəmə verilib. O tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini vurğulayıb, şeirlərindən nümunələr səsləndirib.

Tədbirin sonunda Xasiyyət Rüstəm tərəfindən tədbirin moderatoru Səlim Babullaoğluna “Kitab dünyası” qəzetinin diplomu təqdim olunub.

Tədbirə yekun vurulub.