Sovet “mirasıdır”, Azərbaycanda tətbiq etmək olmaz – Xəbərdarlıq

(FOTO: İranda “əxlaq polisi” qadının başını yarıb)

Son vaxtlar sosial şəbəkələrdə, əsasən “Tik-tok” platformasında məşhurlaşmaq və daha çox gəlir əldə etməyə çalışan valideynlərin bunun üçün hələ yetkinlik yaşına çatmayan övladlarından istifadə etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Azyaşlıların bu formada təhsildən uzaqlaşdırılması insanlarda qıcıq yaradır. Bu və bənzər xoşagəlməz olayların tənzimlənməsi üçün hətta ölkəmizdə “əxlaq polisi”nin yaradılmasına çağırış edənlər də var. İranda zaman-zaman ləğvi gündəmə gələn “əxlaq polisi”nin Azərbaycanda tətbiqi ilə bağlı təkliflər müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Şamil Paşayev deyib ki, əxlaq insanın xasiyyətini, təbiyətini xarakterizə edən normalar məcmusudur:

“Əxlaq inzibati qaydada polis, yaxud da hüquq-mühafizə orqanları tərəfindən qorunası nüans deyil. Bu təlim, tədris, təhsil və tərbiyənin cəmində formalaşan, mühitin insana və insanın mühitə təsiri nəticəsində ərsəyə gəlir. Ona görə də “əxlaq polisi”nin yaradılması ilə bağlı mövcud olan bütün fikirlərdən imtina etmək lazımdır. Hər şeydə sanksiyalaşdırmaq, cəza vermək, nəzarət mexanizmi tətbiq etmək Sovet və bolşevik ideyasından qalan “miras”dır. Bunlardan yaxa qurtarıb insanlara düzgün təhsil, tərbiyə və təlim verilməsinə rəvac verəcək işlər görmək daha məqsədə uyğundur. Əgər bunlar normal səviyyədə deyilsə, əxlaqın qorunması üçün lazımi işlər görülmürsə, sonradan bu əxlaqın qorunması üçün polis rejmi yaradırıqsa, bunun heç bir müsbət tərəfi olmayacaq. “Əxlaq polisi” olan ölkələrdə əxlaqsızlıq, “əxlaq polisi” olmayan ölkələrdən daha çoxdur”.

Ş.Paşayevin fikrincə, valideynlik hüquqlarının uşaqların mənafeyinə zidd həyata keçirilməsi yolverilməzdir:

“Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilməməlidir”.

Safura Bənnayeva
Globalinfo.az