Vətən müharibəsi zamanı belə cəhdlər oldu – Siyavuş Novruzov

“Vətən müharibəsi zamanı Azərbaycanda sosial xarakterli fövqəladə vəziyyət yaratmağa cəhd göstərdilər”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Azərbaycanda bəzi qüvvələrin terror cəhdlərinin qarşısı uğurla alınıb:

“11 sentyabr hadisələrindən sonra ABŞ-ın keçmiş prezidenti Corc Buş dedi ki, Vaşinqton öz fundamental dəyərlərindən geri çəkilərək, birinci yerə vətəndaşın təhlükəsizliyi məsələlərini çıxaracaq. Həqiqətən də bir ölkə bunu təmin edə bilmirsə, vətəndaşın hansı digər hüquqlarını təmin edə bilər? İstər Vətən müharibəsi, istərsə də antiterror əməliyyatları zamanı Azərbaycana qarşı Ermənistan və onun havadarları tərəfindən sosial xarakterli fövqəladə vəziyyət yaratmağa cəhd göstərdilər. Lakin ölkəmizin hüquq-mühafizə orqanları bunu aradan qaldırdılar. Sonrakı mərhələlərdə gördük ki, Azərbaycanı müxtəlif yanğınlarla imtahana çəkməyə çalışdılar. Bu məsələlər də aradan qaldırıldı, ölkədə hər hansı terror aktının törədilməsinə imkan verilmədi. Nəticə olaraq bu gün dünyanın əsas beynəlxalq tədbirləri ölkəmizdə keçirilir. COP29-un burada keçirilməsi Azərbaycandakı inkişafın, söz və mətbuat azaldlığının nümunəsidir”.

Deputat Rusiyada baş verən terror aktına da diqqət çəkib:

“Rusiyada baş verən hadisədən sonra xaricdə oturan blogerlər, ölkəmizdə sapı özümüzdən olan baltalar düşündülər ki, kaş bu məsələ Azərbaycanda da olardı. Onlar xalqı deyil, öz maraqlarını düşünürlər. Lakin Azərbaycan güclü dövlətdir, bunların qarşısını almağa qadirdir.

Terrorun əsas mənbəyi maliyyə, çirkli pullardır. Terrorun maliyyələşməsi ilə bağlı bizim qanunvericilikdə, Cinayət Məcəlləsində ciddi müddəalar var. Qeyri-qanuni yolla mətbuat, QHT nümayəndəsi, yaxud istənilən şəxs mənbəyi məlum olmayan yolla maliyyə alırsa, bu müəyyən edilməlidir. Heç kimə havadan pul verilmir”.

Ayşən Mustafa
Globalinfo.az