Millətçi Hərəkat Partiyasının (MHP) sədri, millət vəkili Dövlət Baxçalı mətbuata yazılı açıqlamasında deyib ki, başda Azərbaycan olmaqla, türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinə və könül bağlarına xələl gətirəcək heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan verilməməlidir.
O qeyd edib ki, Türkiyə və Azərbaycan eyni könül coğrafiyasının iki güclü dövlətidir:
“İki ölkə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirməyə yönələn istənilən yanaşma qarşısında sağlam düşüncə, qarşılıqlı anlaşma və ortaq ağıl əsasında hərəkət etmək böyük əhəmiyyət daşıyır. Türkiyənin Türk Dövlətləri Təşkilatına sədrlik edəcək olması da bu proseslərin yaratdığı mühüm məsuliyyət və fürsətdir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər isə bu prosesin ən güclü dayaqlarından biridir. İki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq bağları siyasi proseslərdən daha geniş məna daşıyır, xalqlarımızın ortaq yaddaşına və könül birliyinə əsaslanır”.
“Azərbaycan Prezidenti İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğanın TDT-nin sammiti çərçivəsində keçirəcəyi görüşün Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini bir daha nümayiş etdirəcəyinə inanırıq. İstiqamətimiz bəllidir. Başda Azərbaycan olmaqla, türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinə və könül bağlarına xələl gətirəcək heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan vermədən, türk respublikalarının suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət əsasında əməkdaşlığımızı dərinləşdirmək, tariximizin üzərimizə qoyduğu məsuliyyəti dərk edərək ortaq gələcəyimizi qurmaq, “Türk və Türkiyə əsri” hədəfini türk dünyasının yüksəlişi ilə birləşdirməkdir”, – partiya sədri əlavə edib.
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Azərbaycan və Türkiyə münasibətləri ortaq tarix, milli-mənəvi dəyərlər və strateji müttəfiqlik üzərində qurulub:
“Lakin bu münasibətlərin gücü yalnız qardaşlıq ifadələri ilə deyil, həm də hər iki dövlətin müstəqilliyinə, suverenliyinə və daxili qərarlarına hörmətlə ölçülür. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının oktyabrın 14-də Azərbaycanla bağlı səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkir. O türk dövlətlərinin suverenliyinə və daxili işlərinə hörmətin vacibliyini vurğulayaraq, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirə biləcək yanaşmalara qarşı qarşılıqlı anlaşma və sağlam düşüncə çağırışı edib. Son günlər Türkiyənin ictimai-siyasi məkanında Azərbaycanın məktəblərində geyim qaydaları ilə bağlı məsələnin geniş müzakirəyə çıxarılması və ayrı-ayrı çevrələr tərəfindən bu mövzunun birtərəfli təqdim edilməsi göstərir ki, sosial məsələlər bəzən siyasi və ideoloji mübarizənin predmetinə çevrilə bilir. Halbuki hər bir ölkənin təhsil siyasəti, hüquqi normaları və ictimai münasibətləri öz qanunvericiliyi və milli xüsusiyyətləri çərçivəsində dəyərləndirilməlidir. Azərbaycanla bağlı məsələlərin emosional mülahizələr, təhriflər və ikili standartlar əsasında təqdim edilməsi nə obyektiv müzakirəyə, nə də iki ölkənin münasibətlərinə xidmət edir. Dövlət Baxçalının mövqeyi bu baxımdan siyasi əhəmiyyət daşıyır”.
Aytən Qurbanova
Ekspert hesab edir ki, söhbət sıradan bir siyasi şəxsin deyil, Türkiyənin hakimiyyət ortağı olan partiyanın sədrinin açıqlamasından gedir:
“Bu mövqe Türkiyə siyasi mühitində Azərbaycanla münasibətlərə dövlətlərarası hörmət və bərabərlik prinsipləri əsasında yanaşılmasının vacibliyini bir daha gündəmə gətirir. Amma bir bəyanatın informasiya müstəvisində yaranmış bütün problemləri aradan qaldıracağını düşünmək düzgün olmazdı. Əsas məsələ bu yanaşmanın ictimai müzakirələrdə nə dərəcədə nəzərə alınması və digər siyasi dairələrin də məsuliyyətli mövqe nümayiş etdirməsidir. Burada mühüm bir məqamı da unutmaq olmaz ki, Azərbaycan-Türkiyə qardaşlığı hər hansı mövzuda fikir ayrılıqlarının mümkünsüzlüyü demək deyil. Lakin fikir ayrılıqları qarşılıqlı hörmət çərçivəsində müzakirə olunmalı, bir ölkənin daxili məsələləri digər ölkədə siyasi təzyiq və ya ictimai qarşıdurma vasitəsinə çevrilməməlidir.
Qardaşlıq münasibətlərinin qorunması üçün yalnız ortaq dəyərləri vurğulamaq deyil, həm də bu dəyərlərə uyğun davranmaq lazımdır. Bugün informasiya mühiti dövlətlərarası münasibətlərin mühüm istiqamətlərindən birinə çevrilib. Belə şəraitdə əsassız ittihamların, qərəzli şərhlərin və reallığı təhrif edən yanaşmaların qarşısının alınması həm medianın, həm siyasi aktorların, həm də ictimai xadimlərin məsuliyyətidir. Türkiyədən Azərbaycana yönələn tənqidlərin obyektiv faktlara əsaslanması, ölkəmizin daxili məsələlərinin siyasi manipulyasiya predmetinə çevrilməməsi vacibdur. Baxçalının açıqlaması bu məsələdə müəyyən siyasi mesaj versə də, informasiya müstəvisində sağlam mühitin formalaşması daha geniş məsuliyyət tələb edir. Azərbaycan-Türkiyə münasibətlərinin strateji mahiyyəti ayrı-ayrı müzakirələrin və siyasi ritorikanın fövqündə dayanır. Bu münasibətləri qorumağın yolu isə Azərbaycanın suveren qərarlarına hörmət etməkdən, qarşılıqlı etimadı zədələyən yanaşmalardan çəkinməkdən və qardaşlığı siyasi məsuliyyətlə uzlaşdırmaqdan keçir”.
Turan Rzayev
Globalinfo.az