699f3d75ea781699f3d75ea7821772043637699f3d75ea77e699f3d75ea780

ABŞ və İsrailin İrana endirdiyi zərbələrin ilk hədəflərindən biri İranın ali dini rəhbəri Əli Xameneinin qərargahı olub. Qərbin barışmaz rəqibi kimi tanınan Xamenei ölkə daxilində müxalifəti sərt şəkildə yatırmaqla yanaşı, regionda müxtəlif silahlı qrupları dəstəkləməklə də tanınır.

Globalinfo.az xəbər verir ki, məsələyə yaxın mənbə Xameneinin zərbələrdən əvvəl Tehrandan kənarda təhlükəsiz yerə köçürüldüyünü bildirib. Lakin bu məlumat rəsmi olaraq təsdiqlənməyib.

İsrail rəsmilərindən biri hücumların məqsədinin Xameneini aradan götürmək olduğunu iddia edib. 1989-cu ildən ölkəyə rəhbərlik edən liderin öldürülməsi İslam Respublikası üçün ağır zərbə hesab oluna bilər. O, 1979-cu il İslam İnqilabından sonra formalaşan teokratik sistemin əsas fiqurlarından biridir.

86 yaşlı Xamenei xarici təzyiqləri daha əvvəl də dəf edib, lakin son aylarda o, hakimiyyəti dövrünün ən ağır böhranı ilə üz-üzə idi. İranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlar fonunda daxildə sosial narazılıq artıb.

Yanvar ayında bahalaşmaya qarşı başlayan ümumxalq etirazları minlərlə insanın ölümü ilə nəticələnən sərt müdaxilə ilə yatırılıb. Etirazçılar “Diktatora ölüm!” şüarları səsləndirirdilər.

Ötən ilin iyununda İsrailABŞ-ın 12 günlük hava zərbələri zamanı Xameneinin yaxın ətrafından bir neçə şəxs və İnqilab Keşikçiləri Korpusu komandirləri öldürülüb, mühüm nüvə və raket obyektləri dağıdılıb. Həmin vaxt liderin gizlənməyə məcbur qaldığı bildirilirdi.
2023-cü il 7 oktyabrda Tehranın dəstəklədiyi HƏMAS qruplaşmasının İsrailə hücumu Qəzza müharibəsinə yol açdı və regionda yeni eskalasiya mərhələsi başlatdı. Livanda “Hizbullah”ın zəifləməsi və Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsi Xameneinin Yaxın Şərqdə təsir imkanlarını azaldıb.

İranda seçkili institutlar gündəlik idarəçiliyi həyata keçirsə də, ABŞ-la bağlı qərarlar da daxil olmaqla, bütün əsas siyasət istiqamətləri Xameneinin razılığı olmadan mümkün deyil. Onun hakimiyyəti əsasən İnqilab Keşikçiləri və “Bəsic” adlı yarımhərbi strukturun sədaqətinə söykənib.

2009-cu ildə prezident seçkilərindən sonra baş verən etirazlar, 2022-ci ildə saxlanıldıqdan sonra həyatını itirən Məhsa Əmininin ölümü ilə alovlanan aksiyalar və son yanvar hadisələri məhz bu təhlükəsizlik strukturları tərəfindən yatırılıb.

Xameneinin hakimiyyəti həm də “Setad” kimi tanınan böyük maliyyə imperiyasına nəzarəti ilə möhkəmlənib. Milyardlarla dollar dəyərində qiymətləndirilən bu qurum İnqilab Keşikçilərinə ciddi maliyyə dəstəyi verir.

Siyasi müşahidəçilər onu ehtiyatlı, Qərbə dərin inamsızlıq bəsləyən və xəyanət qorxusu yaşayan lider kimi xarakterizə edirlər. 1981-ci ildə bomba hücumu nəticəsində sağ qolunun iflic qalması onun təhlükəsizlik məsələlərinə yanaşmasına ciddi təsir göstərib.

Hazırkı zərbələr və regionda dəyişən güc balansı fonunda isə onun hakimiyyətinin taleyi və İranın gələcək siyasi kursu ilə bağlı suallar daha da aktuallaşıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: