Ödənişli yolda 50 qəpik davası – sürücülər etiraz edir

Məlum olduğu kimi oktyabrın 20-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışı baş tutdu. Ölkədə ilk ödənişli yol sistemində tətbiq edilən qiymət tarifləri əhali üçün narazılığa səbəb olub. Belə ki bir nəfər üçün gediş və gəliş qiymətinin baha olduğu qeyd edilir.

Digər tərəfdən sosial şəbəkələrdə yayılan görüntülərdə məlum olur ki, qiymətin yüksək olması ilə yanaşı, nəzərdə tutulan 9 manat 50 qəpik ödəniş əvəzinə 10 manat tələb edilir. Sürücülər isə bunun səbəbini soruşduqda “MilliÖn” ödəniş sisteminin qəpik pul götürməməsi arqument kimi irəli sürülür.

Problemin həlli istiqamətində hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov qeyd edib ki, Bakı-Quba-Rusiya Federasiyası istiqamətində gediş-gəliş üzrə ödənişin tətbiqi ilə bağlı sosial şəbəkələrdə yayılan video materiallara baxdıqda burada işin daha ciddi formada təşkilinin lazım olduğu ortaya çıxır:

Aslan Əsədov

“Ödənişlərlə bağlı bu kimi problemlər olmamalıdır. Sözügedən problemin həlli üçün bir sıra təkliflər irəli sürmək mümkündür. Məsələn, turniketlərə əməkdaşların cəlb edilməsi, ödəniş proqramlarının tətbiqi, bank kartlarından istifadə etməklə ödənişin qəbul edilməsi, qəpik pulları qəbul edəcək aparatların ölkəyə gətirilməsi və s. Sadalananların tətbiqinin çox ödəniş tələb edəcəyini düşünmürəm. Həmin yolda metroda istifadə edilən ödəniş üsulunun tətbiqi də əlverişli ola bilər “.

Safura Bənnayeva
Globalinfo.az