Ödənişli yol “radara” düşdü – Bakı-Quba magistralına qiymət təklifi narazılıq yaratdı

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi üçün müəyyənləşdirilən tariflər ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb. Qiymət həddinin minimum əməkhaqqı ilə hesabda çox baha olduğu haqda fikirlər səsləndirilir.

Maraqlıdır, yeni ödənişli yolun hər kəs üçün əlçatan olması baxımdan ekspertlər hansı təklifləri irəli sürürlər? Ödənişli yol sistemi ölkə iqtisadiyyatı ilə uyğunlaşa bilirmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib ki, ödənişli yol sisteminin bir sıra ölkələrdə və Azərbaycanda da mövcud olması yaxşı haldır:

“Oktyabrdan fəaliyyət göstərən ödənişli Bakı-Quba yolunda gediş-gəliş qiyməti 1 nəfərə 21 manat təşkil edir. Bu, Azərbaycan vətəndaşı üçün həddindən artıq bahadır. Bu hansı meyara əsaslanır? Bir sıra məmurlar hər zaman Azərbaycanı Avropa ölkələrindəki qiymətlərlə müqayisə edirlər. Lakin həmin ölkələrin büdcəsi 4-5 dəfə Azərbaycanın büdcəsindən çoxdur.

Niyaməddin Orduxanlı

Bu vəziyyətdə vətəndaşların minimum əməkhaqqısını nəzərə alıb hər büdcəyə uyğun rəqəm müəyyənləşdirilməlidir. Bu gün həmin istiqamətdə vətəndaşlar alternativ yoldan istifadə edirlər. Qiymət münasib olarsa, hər kəs rahatlıqla yeni yoldan istifadə edər. Bu məsələyə mütləq baxılmalıdır. Qiymətlər 3-5 manat kimi təyin edilməlidir. Dövlət büdcəsindən bu qədər vəsait xərclənərək açılmış yoldan gün ərzində 3-4 maşın istifadə edir. Həmin yol axırda muzeyə çevriləcək”.

İqtisadçı-ekspert Xalid Kərimli isə qeyd edib ki, bu yol pulsuz olmalıdır:

Xalid Kərimli

“Həmin layihə dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşarsa, bu zaman yol ödənişli ola bilər. Yəni bunu özəl şirkət təşkil etdiyi halda müəyyən şərtlər daxilində həyata keçirə bilər.

Turizmi həddindən artıq inkişaf etmiş ölkələr yolları pullu edir. Məsələn, Belarusda bəzi yollar var ki, burada xarici maşınlar belə yol pulu ödəyir.

Digər tərəfdən, biz bu gün avtomobilə benzin alarkən yol vergisini də ödəyirik. Buraya yol vergisi ilə yanaşı əlavə dəyər vergisi də daxildir.

Vətəndaşlar isə məcbur deyil ki, ödənişli yoldan istifadə etsin, buna alternativ yol da var. Əgər alternativ yol yoxdursa, bu zaman məsələyə ciddi yanaşmaq lazımdır. Bu kimi ödənişli yollar çoxluq təşkil edəcəksə, yaxşı olardı ki, alternativ yollar da təşkil edilsin”.

Safura Bənnayeva
Globalinfo.az