Novruz bayramında bu məhsulların qiyməti artacaq – Bəs pensiyalar?

Hər il bayram ərəfəsində ərzaq məhsulları və xidmətin qiymətində artım müşahidə edilir. Novruz bayramına az qalıb, lakin indidən bir çox məhsulun qiymətinin artdığını görürük.

İqtisadçı ekspert Eldəniz Əmirov Globalinfo.az-a açıqlamasında deyib ki, Dövlət Statistika Komitəsi tərəfindən istehlak qiymətləri indeksi hesablanarkən 528 adda mal və məhsulun, xidmətin qiyməti təhlil edilərək nəticə çıxarılır:

“Bunların 151-i ərzaq məhsullarıdır. Bayram günlərində məhz həmin məhsullar bahalaşır. Çünki tələb çox olur. Müəyyən istiqamətlərdə tələbin artması təbii artım, bəzən isə tələbin artması sahəsində təklifin məhdud istiqamətdə gəlməsi nəticə etibarilə bazarda qiymət artımı yaradır”.

Ekspertin fikrincə, bazarda inhisarçı mövqedən çıxış edənlər əvvəlki illərə nisbətdə kifayət qədər azalıb:

Eldəniz Əmirov

“Bütün hallarda tələbin artması fonunda qiymət artımının şahidi olacağıq. Novruz bayramında insanlar daha çox hansı məhsulları süfrəyə gətirirsə, elə onların da qiymətində dəyişiklik gözləniləcək. Bayramdan sonra isə qiymətlər yenidən öz qaydasına düşəcək. 2023-c ildə 5.1 faiz bəndi azalan infilyasiya bu il də təxminən 5 faiz azala bilər”.

İqtisadçı ekspertin sözlərinə görə, yaxın vaxtlarda pensiya artımı gözlənilmir:

“Pensiya artımı ilin əvvəllərində ötən ilin orta aylıq əməkhaqqının artım dinamikasına uyğun olaraq indeksasiya edilib”.

Safura Bənnayeva
Globalinfo.az