Nikol Ankaraya ona görə getdi ki… – Ekspert

“Türkiyənin Paşinyanı andiçmə mərasiminə dəvət etməsi, Ermənistan Baş nazirinin isə dəvəti qəbul edib mərasimə qatılması çox yaxşı, pozitiv addımdır”.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Ermənistan Baş naziri Nikol Paşinyanın Ankaraya səfəri və Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılması haqda qeyd edib.

O bildirib ki, bəzi Ermənistan saytları və sosial şəbəkə istifadəçiləri bu səfərə görə Paşinyanı təhqir edirlər, ən “pis söyüş” kimi də ona “türk” deyirlər:

“Cəmiyyətin bir qismi hələ də 90-larda, o zaman bizdə olan və ölkəni məğlubiyyətlərə aparan “oturmayan ermənidir” havasındadır – bədbəxtdirlər. Anlamırlar ki, Paşinyanın sülh çağırışları, addımları onların Ermənistan dövlətinin xəritədən silinməməsi üçün bəlkə də son şansıdır. Çünki ağa-babaları olan, 200 ildir onları hər cür istifadə edən Rusiya imperiya kimi son sancılarını yaşayır. Ermənistanın gələcəyi, təhlükəsizliyi ilə bağlı zəmanəti isə ancaq Türkiyə və Azərbaycan verə bilər – Paşinyanın komandası bunu anlamağa başlayıblar”.