NİİM: Bakıda 3 ayda 384 qəza baş verib – VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) müşahidə etdiyi yollarda 3 ay ərzində 384 qəza olub.

Bu barədə Globalinfo.az-a mərkəzdən məlumat verilib.

Bildirilib ki, paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən 3 ay ərzində 384 yol-nəqliyyat hadisəsi baş verib. Müvafiq tədbirlər görülməsi üçün NİİM-in əməkdaşları tərəfindən aidiyyəti üzrə Bakı şəhər DYPİ-nin əməkdaşlarına dərhal məlumat verilib.

“Qeydə alınan qəzaların təhlili göstərib ki, yüksək sürət, ara məsafəsinə düzgün əməl edilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub. Qəzalar daha çox avtomobillərin intensiv hərəkət etdiyi mərkəzi küçə və prospektlərdə, Ziya Bünyadov, Heydər Əliyev, Babək, Tbilisi prospektlərində, Bakı-Sumqayıt, Aeroport, Sabunçu-Zabrat şoselərində, Üzeyir Hacıbəyli, Rəşid Behbudov, Mikayıl Müşfiq, 28 May və digər küçələrdə baş verib. Bu yol-nəqliyyat hadisələri yollarda bir çox hallarda sıxlığın yaranmasına, digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olub”, – məlumatda qeyd olunub.