Niderland Ukraynaya 42 ədəd F-16 bağışlayır? – Qərbin daha bir yalanı ifşa olur

Niderland Ukraynaya 42 ədəd F-16 qırıcısı verəcəyini açıqlayıb. F-16 qırıcıları ABŞ istehsalıdır. Ukraynaya F-16 verilirsə, demək bunda ABŞ-ın razılığı var.

Maraqlıdır, Birləşmiş Ştatların icazəsi olmadan Niderland Ukraynaya 42 ədəd F-16 qırıcısı bağışlaya bilərmi? Bu təyyarələr ən tez nə zaman Ukrayna ordusuna veriləcək? Ukrayna donanmasında bu təyyarələri idarə edən pilotlar yetərincə varmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, müharibə başlayandan sonra Qərb ölkələrinin Ukraynaya silah verməsi məsələsi ictimai rəydə görünən kimi olmayıb və adətən ən vacib silahların verilməsi müzakirə olunsa da, nəticə hələ də yoxdur, yaxud, nəzərdə tutulandan daha az hissəsi göndərilir:

Asif Nərimanlı

“F-16-larla bağlı məsələ isə daha mürəkkəbdir. Doğrudur, ABŞ Danimarka və Hollandiyanın F-16-ları Ukraynaya verməsinə razılaşıb, lakin bunun üçün mürəkkəb texniki məsələləri həll etmək lazımdır.

Birincisi, pilotların təlim keçməsidir, bu təlimlərin ən azı 4 ay çəkdiyi deyilir. Vaşinqton da bildirir ki, pilotların təlimindən sonra Danimarka və Hollandiyanın F-16-ları Ukraynaya göndərməsinin təsdiqini sürətləndirəcək, yəni məsələ hələ də açıq qalır.

İkincisi, F-16-ların təchizatı da problemli məsələlərdəndir. Yəni pilotların təlimi ilə hər şey həll olunmur, bu təyyarələrin əməliyyatlarda iştirak edə bilməsi üçün Ukraynanın ehtiyat hissələri və silahlandırma imkanları olmalıdır.

Üçüncüsü, F-16-lara uçuşdan sonra davamlı texniki baxış lazımdır, Ukraynadakı aerodromların bunun üçün nə qədər uyğun olub-olmaması da açıq qalan suallar arasındadır.

Bu texniki məsələlər həll edilmədən F-16-ların Ukraynaya verilməsi də sual altındadır. Texniki məsələlər tam həll edilmədən F-16-lar əməliyyatlarda istifadə olunarsa, Rusiya qüvvələri tərəfindən vurulma riski yüksək olacaq. Bu da təkcə Ukraynanın istədiyini əldə edə bilməməsi yox, həm də NATO üçün prestij itkisi deməkdir”.

Turan Rzayev
Globalinfo.az