Nə etsək də Avropanın bizə münasibətini dəyişə bilmərik – Qüdrət Həsənquliyev

“Avropa Parlamentinin qəbul etdiyi qərar hər birimiz üçün ürəkbulandırıcı oldu. Hamımız bilirik ki, Avropa İttifaqı bir xristian klubudur. Uzun illərdir ki, qardaş Türkiyəni bu ittifaqa buraxmırlar və bunun da kökündə Türkiyənin müsəlman ölkəsi olması dayanır”.

Globalinfo.az xalqcəbhəsi.az-a istinadən xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında səsləndirib.

Millət vəkili “bilirik ki, Avropada güclü erməni diasporu var, Avropada islamafobiya çox geniş yayılıb”, – deyə əlavə edib:

“Məhz Avropanın ədalətsiz mövqeyi nəticəsində 1988-ci ildə erməni separatizmi baş qaldırdı və onlar da bu separatizmi dəstəklədilər, separatçılara maliyyə yardımı ayırdılar, Ermənistanı işğalçı dövlət kim tanımadılar, Ermənistana sanksiya tətbiq etmədilər. Nəticədə Ermənistan etnik təmizləmə siyasəti həyata keçirdi. Bu etnik təmizləmə siyasətini də çox acımasızcasına, azərbaycanlılara münasibətdə ağır işgəncələrə yol verməklə, qarlı, soyuq havada onları ayaqyalın öz ev-eşiklərindən qovmaqla, insanları qovub Araz çayına tökməklə həyata keçirdilər. Amma Avropa o zaman bunları görmədi, Ermənistana sanksiya tətbiq etmədi, Erministanın bu hərəkətini pisləmədi. İndi ermənilər emənilər özləri Azərbaycanın qanunları çərçivəsində yaşamaq istəmirlər və Qarabağdan köçüb gedirlər və avropalılar bunu “etnik təmizləmə” adlandırırlar. Halbuki Azərbaycan polisi onlara su, qida verir və onları sərhədçilərimizilə birlikdə hörmətlə yola salır. Bütün bunlar onu göstərir ki, biz, nə etsək də Avropanın bizə münasibətini dəyişə bilmərik. Bu, o halda ola bilər ki, biz, öz hüquqlarımızdan imtina edək. Əlbəttə Azərbaycan buna getməyəcək. Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclüdür, onun güclü, təbii müttəfiqləri var. Ona görə də Avropa İttifaqı bu tipli qərarlar qəbul etməklə yalnız Avropada islamafobiyanın nə dərəcədə güclü olmasını göstərəcək. Azərbaycana münasibətldə bu ölkələrin nə qədər nifrətdolu hisslər yaşadığını nümayiş etdirəcək, münasibətlərimizə ziyan vuracaq. Azərbaycan hər bir halda onsuz da öz ərazi bütövlüyünü bərpa edib. Öz ərazilər üzərində dövlət suverenliyini təmin edib. Bu yoldan bizi hədələrlə, qorxutmaqla heç kim çəkindirə bilməz və Avropa Parlamentinin qəbul etdiyi rüsvayçı qərar onların tarixində, Azərbaycan-Avropa İttifaqı münasibətlərində qara ləkə olaraq qalacaq”.