Nazirlikdən əməliyyat: bu rayonlarda silah-sursat aşkarlandı – FOTO/VİDEO

Masallı və Biləsuvar sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən profilaktiki tədbirlər nəticəsində Masallı rayon sakinlərindən beş ədəd, Biləsuvar rayon sakinlərindən isə dörd ədəd müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan ov tüfəngləri aidiyyəti polis şöbələrinin əməkdaşları tərəfindən təhvil götürülüb.

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. Əməliyyat yolu ilə aşkarlanan silahlardan başqa mütəmadi olaraq vətəndaşlarla profilaktiki söhbətlər aparılaraq bildirilib ki, müvafiq sənədləri olmayan odlu silahların saxlanılması məsuliyyət yaratsa da, könüllü təqdim etmə şəxsi məsuliyyətdən azad edir.

Keçirilən müvafiq tədbirləri nəticəsində 25 nəfər şəhər sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və ov silahlarını polisə könülllü təhvil veriblər. Hər bir vətəndaşla bir daha fərdi söhbət aparılaraq Daxili İşlər Nazirliyinin gizlədilən döyüş və ov silahlarını, partlayıcıları və sursatları könüllü polisə təhvil verməsi ilə bağlı çağırışına həssas yanaşması və bu çağırışa qoşulması təqdirəlayiq haldır.

Təqdim edilən hər bir silah müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Göytəpəçayın kənarından silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər nəticəsində rayon sakini Y.Tarverdiyev Göytəpəçayın kənarında torbanın içərisindən tapdığı 1 ədəd “AK-74” markalı avtomat silahını, bir ədəd patron darağını və 17 ədəd 5,45 çaplı patronu könüllü olaraq Cəlilabad Rayon Polis Şöbəsinə təqdim edib.

Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində altı nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Baş Mühafizə İdarəsinin Zaqatala rayonlararası mühafizə bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində rayon sakini vəfat edən atasından qalan müxtəlif markalı yivli silahlara məxsus 156 ədəd patronu könüllü olaraq polisə təhvil verib. Polis əməkdaşları bu istiqamətdə aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür ediblər.