Naxçıvanda TIR sürücüləri aksiya keçirdi – Səbəb

Bu gün Naxçıvan Baş Gömrük İdarəsinin qarşısında TIR sürücüləri aksiya keçiriblər.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, aksiyaya səbəb İran gömrüyünün əməkdaşlarının son iki ayda TIR sürücülərindən hər dəfə sərhədi keçəndə rüşvət tələb etməsi və onları əsassız olaraq günlərlə orada saxlamasıdır.

Aksiyada 80-dən çox TIR sürücüsü iştirak edib.

“Biləsuvar gömrüyündə İran gömrükçüləri bizi incidir və hər dəfəsində müxtəlif miqdarda rüşvət tələb edirlər. Elə olur ki, bizim Naxçıvandan Bakıya getməyimiz 800-1000 manatı ötür. Vermədiyimiz təqdirdə maşınlara narkotik atacaqları ilə hədələyirlər”, deyən sürücülər bu məsələnin yoluna qoyulmasını tələb edirlər.

Bununla bağlı bir çox yerə şikayət etdiklərini bildirən sürücülər problem həll olunmayınca işləməyəcəklərini bildiriblər.

Sürücülər onu da bildiriblər ki, onlar gömrükdə növbə gözlədiyi halda, İran və digər ölkələrə məxsus TIR-lar növbəsiz olaraq gömrük məntəqəsindən keçir. “İki günə getdiyimiz yolu indi 12 günə gedirik” deyən sürücülər Naxçıvan Baş Gömrük İdarəsinə şikayətlərini bildiriblər.