Naxçıvanda taksi sürücülərini kim təhdid edir?

Naxçıvanda yeni fəaliyyətə başlayan *8777 taksi şirkətinə qarşı təzyiqlərin olması ilə bağlı bəzi sosial şəbəkə hesablarında məlumatlar yayılıb.

Globalinfo.az-ın xəbərinə görə, Naxçıvan MR DİN-in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, *8777 taksi şirkətinin Muxtar Respublika üzrə təmsilçisi kimi özünü təqdim edilən V.Babayev barəsində daxil olan çoxsaylı müraciətlər əsasında onun digər taksi sürücülərinə qarşı qeyri-qanuni hərəkətlər törətməsi müəyyən edilib.

Fəaliyyət sahəsi üzrə zəng qəbul edib yönəltdiyi taksi sürücülərinin şikayətləri əsasında onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə onun barəsində 25 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Bundan başqa şirkətin rəhbəri Həsrət Paşayevin Naxçıvanda fəaliyyət göstərən taksi sürücülərini təhdid etməsi ilə bağlı əlavə müraciətlər də daxil olub. Sürücülər həmin səsli təhdid ismarışlarını polis orqanına təqdim ediblər.

Hazırda araşdırmalar davam etdirilir.