Naxçıvana yol necə bərpa olunacaq? – XİN AÇIQLADI

“Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərini son 4 ilə yaxın müddətdə yerinə yetirməyib”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Report”a müsahibəsində deyib.

XİN rəsmisi Azərbaycanın daim bölgədə kommunikasiya xətlərinin açılmasında maraqlı tərəf olduğunu vurğulayıb:

“Üçtərəfli bəyanat çərçivəsində uzun müddət bu prosesin irəlilədilməsinə səy göstərilib. Ermənistan tərəfi isə hansı açıqlamalar verməsindən asılı olmayaraq öz üzərinə bu istiqamətdə müəyyən öhdəliklər götürüb. Üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarətin necə təşkil olunacağı açıq-aydın yazılıb”.

A.Hacızadə bildirib ki, Ermənistan tərəfi göstərdiyi qeyri-konstruktiv mövqe ilə növbəti dəfə özünütəcrid siyasəti apardığını nümayiş etdirir.

“Azərbaycan işğaldan azad edilmiş ərazilərdə müvafiq infrastruktur, nəqliyyat layihələrinin həyata keçirilməsində daim maraqlı olub, bu istiqamətdə işlər görüb və davam etdirir. Ermənistan tərəfi isə son dörd ildə ancaq bu prosesə maneə törətməyə cəhd göstərib. Bunun müqabilində isə Azərbaycan kommunikasiya layihələrinin açılması üçün alternativ variantların da hazırlanması üzərində çalışıb. Elə bu fonda Azərbaycanın İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə əldə olunmuş razılaşma və bu istiqamətdə aparılan işlər bir daha göstərir ki, Ermənistandan fərqli olaraq Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin inkişafına müsbət töhfə verməkdədir.

Ermənistan tərəfi, həqiqətən də, bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.