Bu baş versə, Bakı və İrəvan yeni müharibəyə başlayacaq – Sensasion planın pərdəarxası

Rusiya-Ukrayna müharibəsinin bir ilinin tamamına iki gün qalıb. Bəzi ekspertlər hesab edirlər ki, bu savaşda Qərb qalib gələrsə, növbəti münaqişə Cənubi Qafqaz və Orta Asiyada olacaq.

Bildirilir ki, Rusiyanın Ukrayna və ABŞ-a qarşı müharibəni inadla davam etdirməsi Azərbaycanın xeyrinədir. Bu prosesdə Türkiyə, Azərbaycan və Orta Asiyanın türk cümhuriyyətlərinin birlik modeli yaratması da ABŞ və NATO-nun gözlənilən basqısından sığortalanmaq kimi izah edilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Ukraynadakı müharibənin nəticələri aydınlaşdıqca qlobal mübarizənin trayektoriyaları Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarına doğru sıxışdırıla bilər:

“Cari tabloda Ukraynadan əlavə ən kəskin hibrid müharibə Mərkəzi Asiya, Cənubi Qafqaz, Asiya-Sakit Okeanı regionu, Yaxın Şərq arealı, Afrika qitəsi, Arktika regionunda gedir. Göründüyü kimi, rəqabətin coğrafiyası bəşəriyyəti əhatə edir və Ukraynadakı müharibə bunlara təsirsiz ötüşmür.

Burada regional oyunçular irili-xırdalı platformalarda bərkiməyə məcburdur və bu xətt Türkiyənin siyasətində daha çox hiss olunur.

Maraqları toqquşan giqantlar arasında Ankaranın mövqeyi, xarici siyasətdəki manevr qabiliyyətləri onu regional aktorluq müstəvisindən qlobal oyunçu səviyyəsinə qaldırır. Ona görə də proseslərin yönünü təyin etmək üçün Qərb, Rusiya, Çinlə yanaşı, Türkiyənin strateji istiqamətlərinə diqqət yetirmək lazımdır”.

Aqşin Kərimov

A.Kərimovun sözlərinə görə, Türkiyə Türk Dövlətləri Təşkilatında ən güclü oyunçudur və maraqlarını Azərbaycanla strateji müttəfiqlik dəyərinə inteqrasiya edir:

“TDT nəhəng iqtisadi gücdür, buna görə də həm ABŞ-Britaniya cütlüyü, həm Rusiya, həm də Çin TDT-nin açarını götürmək istəyir.

Fikrimcə, TDT iqtisadi baxımdan Çin mərkəzinə, təhlükəsizlik baxımdan isə Britaniyanın prioritetlərinə inteqrasiya etməyi daha üstün bir xətt kimi tutur. Bir əldə iki top tutmaq hansısa qüvvədən asılı vəziyyətə düşmək deyil: TDT prioritetlərini daha üstün mövqelərə çıxarmaq üçün sadəcə olaraq çoxvektorlu siyasətə üstünlük verməlidir”.

Siyasi şərhçi qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin əks-sədasının Cənubi Qafqazda necə səslər çıxaracağını müəyyən edə biləcək tezislərə rast gəlinir:

“Prosesi belə qiymətləndirə bilərik:

1. Azərbaycanın Ermənistanı cəzalandırmaq aktı;

2. Rusiyanın İrəvanın hərəkətlərindən boğaza yığılması;

3. İranın Cənubi Qafqazdakı addımlarının həm Rusiya, həm Qərb, həm də Türkiyə əleyhinə oxa çevrilməsi”.

Turan Rzayev
Globalinfo.az