Nasistlərin açılmayan sirri: Niderlandda gizli xəzinə ovu başladı

1944-cü ildə Arnhem müharibəsi zamanı Almaniya hərbçilərinin oğurlayıb gizlətdiyi gizli xəzinənin xəritəsi 79 il sonra ilk dəfə yayımlandı.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Assoşeyted Press” agentliyi yayıb. Məlumata görə, xəritənin ictimaiyyətə təqdim edilməsindən sonra onun Niderlandın Gelderland əyalətinin Ommeren kəndi yaxınlığında basdırıldığı ortaya çıxıb. Məhz bundan sonra əyalətdə aktivlik yaşanıb. Bir anın içində ölkədə məşhurlaşan kəndə Niderlandın müxtəlif yerlərindən insanlar axın etməyə başlayıb.

Agentliyə danışan Ommeren kəndi sakini Marko Rudveldt xəritənin yayımlanmasından az sonra kəndə insanların metal detektorlarla gəldiyini bildirib. O, kənddə aktiv şəkildə axtarışların aparıldığını, kənd sakinlərinin isə bu axtarışların nəticəsini həyəcanla gözlədiyini deyib.

Axtarışların başlaması ilə həmçinin kəndin ətrafı boyunca böyük çuxurlar yaranıb ki, buna dərhal kəndin bağlı olduğu Buren Bələdiyyəsi reaksiya verib. Özünün internet səhifəsində məlumat yerləşdirən bələdiyyə bu kəndin II Dünya müharibəsində cəbhə xətti olduğunu və buna görə də ərazidə partlamamış mərmi olma ehtimalının çox olduğunu qeyd edib. Bələdiyyə kəndə xəzinə axtarışı üçün getməməyi tövsiyə edib.

Bununla belə, xəzinənin tapılacağı halda Hollandiya hökumətinin onun müsadirə edib-etməyəcəyi hələlik bilinmir. Hollandiya mətbuatı yaşananların nasistlərin oğurladığı dəyərli əşyaların tapılması ilə bağlı ilk axtarış olmadığını yazıb. Belə ki, Niderland hökuməti hətta qəniməti tapmaq üçün bölgədə nasist zabitin konsultasiyalarından da istifadə edib, amma yekunda heç bir nəticə əldə olunmayıb. Bu da milyonlarla dollar dəyərində olan xəzinə ilə 3 ehtimalın gündəmə gəlməsinə şərait yaradıb. Bu variantlar sırasında xəzinənin qənimət ovçuların tərəfindən tapılması, xəzinənin naməlum şəxs tərəfindən tapılması və yerinin söylənməməsi, nasistlərin savaş başa çatmadan bölgəyə qayıdıb, xəzinəni özləri ilə aparmaları daxildir.

Gülnar Səlimova
Globalinfo.az