Müxalifətçilikdən komitə sədrliyinə – Prezidentin işdən çıxardığı Qurbanlı əslində kimdir?

Fevralın 16-da Prezident İlham Əliyev Nazirlər Kabinetinin tərkibini təsdiq etdi. Həmin tərkibdə iki nəfər istisna olmaqla bütün nazirlər olduğu kimi yerində qaldı. Yeni kabinetdə təmsil olunmayan şəxslər isə Ədliyyə naziri Fikrət Məmmədov və Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı idi.

Mübariz Qurbanlı kifayət qədər maraqlı personadır və onun çox diqqətçəkən bir siyasi karyerası olub. Belə ki, o, uzun illər Etibar Məmmədovun sədrliyi dövründə Milli İstiqlal Partiyasının rəhbərliyində təmsil olunub.

Daha sonra M.Qurbanlı Azərbaycan Demokratik İstiqlal Partiyanın (ADİP) rəhbərliyinə gəlib, həmin partiyanın bünövrəsi də 90-cı illərin ortalarında sabiq spiker Rəsul Quliyev tərəfindən qoyulmuşdu. Sonradan isə Mübariz Qurbanlı hakim Yeni Azərbaycan Partiyasına (YAP) transfer etdi. Bu transfer onun karyerasında kifayət qədər uğurlu bir xətt kimi yadda qaldı.

Belə ki, M.Qurbanlı 1995-2010-cu illərdə birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. Eyni zamanda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri olub. 2014 ildən 2024-cü ilə qədər isə Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.

Mübariz Qurbanlının müxalifətçi dövründə onunla eyni partiyada olmuş şəxslərdən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Globalinfo.az-a sabiq sədrlə vaxtilə eyni partiyanı təmsil etdiklərini bildirib.

O deyib ki, M.Qurbanlı 1993-cü ilin iyun hadisələrindən sonra Milli İstiqlal Partiyasından üzv olub:

“ADİP yaradılmışdı və o, həmin partiyaya üzv oldu, ondan sonra da YAP-a keçdi. Hətta YAP-ın qurultayında Siyasi Şuraya üzv seçildi. Amma indiki halda Mübariz Qurbanlının vəzifəyə təyin olunan nazirlərlə birlikdə adı çəkilmədi. Faktiki olaraq o, prosesdən kənarda saxlanılıb. Əlbəttə, bu, prezidentin səlahiyyətinə aid olan məsələdir. Mübariz Qurbanlıya başqa iş verəcəklər, yoxsa yox, dəqiq bir söz deyə bilmərəm. Bəlkə partiyada iş verərlər və ya verməzlər, onu da deməkdə çətinlik çəkirəm”.

Globalinfo.az Mübariz Qurbanlının vəzifədən çıxarılacağını xeyli müddət əvvəldən yazıb. Bizim proqnozumuz əsasən üç məmurla bağlı olub: Cahangir Əsgərov, Mübariz Qurbanlı və Yaqub Eyyubov. Bu triodan iki nəfər artıq vəzifədən gedib.

M.Qurbanlının vəzifədən çıxarılmasına səbəb kimi onun yaşı göstərilir. Yaş amilinə qalsa, Yaqub Eyyubov ondan 9 yaş böyükdür. Mübariz Qurbanlı əslində yarıtmaz fəaliyyətinin qurbanı oldu. İranla münasibətlər kəskinləşən vaxtlarda ölkənin dini mühitinin necə bərbad olduğu bütün çılpaqlığı ilə üzə çıxdı. Dini Komitəyə sədrlik etdiyi 10 il müddətdə M.Qurbanlı İran agenturasının Azərbaycanda möhkəmlənməsinə ya göz yumub, ya da bu prosesdən xəbərsiz olub.

M.Qurbanlının vəzifədən getməsinin bir səbəbi kimi qardaşı Tariyel Qurbanovun həyat tərzi göstərilir. Hər nə qədər qardaşın qardaşa görə cavabdehlik daşımadığı deyilsə də, Dini Komitə kimi həssas bir sahəyə rəhbərlik edən şəxsin prokuror qardaşının bu cür həyat tərzi keçirməsi dövləti narahat etməyə bilməzdi.

Ötən ay 70 yaşını tamamlayan Mübariz Qurbanlı kifayət qədər maraqlı və özünə sərfəli karyera yolu keçdi. İndi isə nəvələrlə vaxt keçirmək zamanıdır…

Zaira Akifqızı
Globalinfo.az