Müxalifət seytnotda: Qarabağı azad edən iqtidarı necə tənqid edəcəklər? – “Siyasi səhnədən çəkiləcəklər”

Azərbaycanın Qarabağda qazandığı parlaq qələbə, ardınca əli xalqımızın qanına batmış separatçı cinayətkarların saxlanılaraq Bakıya gətirilməsi mövcud iqtidarın mövqeyini bir qədər də möhkəmlənidirib. Bu qədər böyük qələbələrdən sonra müxalifət hakimiyyətlə necə rəqabət aparacaq? Seçkilərdə müəyyən nəticə əldə etmək, yaxud gündəlik fəaliyyətdə iqtidarı tənqid edib, ictimai rəğbət qazanmaq mümkün olacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiyanın başqanı Tural Abbaslı deyib ki, bu günə qədər Azərbaycanın siyasi səhnəsində əsas məsələ Qarabağ olub:

Tural Abbaslı

“Ən vacib məsələ Azərbaycanın ərazi bütövlüyü olub və bundan vacib heç nə yox idi. Şükür Allaha ki, artıq bu məsələ həllini tapıb. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu, təqdirəlayiq haldır”.

T.Abbaslı siyasəti yaşadığımız həyata bənzədib:

“Davam etdikcə müəyyən nüanslar ortaya çıxır, prioritetlər, yeni məsələlər gündəmə gəlir və canlı orqanizm kimi inkişaf edir. Bu baxımdan da kifayət qədər həm təzə mövzular var, həm köhnədən qalan məsələlər mövcuddur. Azərbaycanın ən böyük problemi Qarabağ idi, amma başqa problemlər də həllini gözləyir. Sosial, səhiyyə, təhsil, iqtisadiyyat, mədəniyyət, beynəlxalq əlaqələr üzrə məsələlərdə və s. bunlarla bağlı boşluqlar var. Düşünmürəm ki, müxalifət Qarabağ məsələsindən sonra iqtidarla rəqabətdə və yaxud da diskussiya məsələlərində hansısa problem qıtlığı çəksin. Kifayət qədər mövzular var. Artıq Zəngəzur məsələsi yetərincə aktualdır. Əsas odur ki, sağlam siyasi mühit, sağlam rəqabət, sağlam müxalifət və sağlam iqtidar olsun”.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib ki, doğrudan da, son vaxtlar Azərbaycanın tarixində çox mühüm hadisələr baş verdi:

Qızları Türkiyə universitetində birinci olan partiya sədri: "Nəsib bəy Yusifbəylinin nəvəsi "qürurumuzu göylərə qaldırdınız" dedi" - MÜSAHİBƏ

Elşad Musayev

“Qarabağ işğaldan tam azad olundu. Təbii ki, bu qələbənin əsas memarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Bu, onun tərəfdarları, rəqibləri tərəfindən də etiraf olunur. Reallıq budur! Ona görə düşünürəm ki, prezident seçkiləri keçirilsə, İlham Əliyev çox böyük üstünlüklə qalib gələcək. Nəzərə alaq ki, ölkədə təkcə prezident seçkiləri deyil, parlament və bələdiyyə seçkiləri də keçirilir: Bu mənada parlament və bələdiyyə seçkilərində rəqabətin olacağını proqnozlaşdırıram. Çünki burada müxtəlif partiyalar arasında mübarizə gedəcək. Hər halda demokratik seçki ölkəmizə, cəmiyyətimizə fayda verəcək.

Sonrakı mərhələdə isə 2025-ci ilin aprel ayında prezident seçkiləri olmalıdır. Onda da kimin gücü, qüvvəti, potensialı varsa təbii ki, o da öz namizədliyini irəli sürməlidir. Bir şeyi də deyim ki, əgər biz Azərbaycanda demokratiyanın bərqərar olmasını istəyiriksə, ölkənin inkişafını düşünürüksə, mütləq alternativlər olmalıdır. Heç vaxt demək olmaz ki, ölkədə alternativ yoxdur. Alternativsiz cəmiyyətdə demokratiya və inkişaf olmur. Biz çalışmalıyıq ki, bütün hallarda alternativlər olsun. Siyasi təşkilatlar arasında mübarizədə alternativ fikirlər, düşüncələr və təkliflər olsun. Düşünürəm ki, növbəti mərhələlərdə xeyli normal yarış keçiriləcək”.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə deyib ki, Qarabağ məsələsi Azərbaycan xalqı üçün son 30-35 il ərzində ən aktual problem olub:

Arif Hacılı ürəyindən əməliyyat olundu | KONKRET

Arif Hacılı

“Qarabağ problemini iqtidar yox, Azərbaycan xalqı həll edir və etməkdədir. Bu məsələdə hər hansı xüsusi müxalif mövqeyimiz olmayıb. Daim Qarabağın işğaldan azad edilməsinin zəruriliyi, ordumuzun gücləndirilməsinin vacibliyi, Azərbaycan-Türkiyə dostluq münasibətlərinin dərinləşdirilməsi və digər bu istiqamətlərdə təkliflərlə çıxış etmişik”.

A.Hacılı Azərbaycanın probleminin yalnız Qarabağdan ibarət olmadığını bildirib:

“Azərbaycanda demokratiya və azadlıqlarla bağlı çox böyük problemlər mövcuddur. İstər siyasi, istər iqtisadi, istərsə də digər sahələrdə bərabərhüquqlu rəqabət şəraitinin mövcud olmaması Azərbaycan üçün ən ciddi problemlərdən biridir. Hər sahədə insanlara bərabər imkanlar yaradılmalıdır.

İnsan haqlarının təmin edilməsi, hüquq və azadlıqların bərpa olunması, ölkədə korrupsiya və rüşvətxorluğa son qoyulması kimi çox böyük və qlobal problemlərimiz hələ qarşıdadır. Mənə elə gəlir ki, bu istiqamətdə iqtidar-müxalifət mübarizəsi bundan sonra daha kəskin, daha sərt, daha birmənalı xarakter alacaq. Qarabağ probleminin mövcudluğu daim iqtidarın əlində demokratik islahatlar aparmamaq üçün bəhanə rolu oynayırdı, amma artıq bu bəhanə də mövcud deyil. Ölkədə çox ciddi siyasi, iqtisadi islahatlar həyata keçirilməlidir”.

REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib ki, bu həm müxalifət partiyaları, həm də iqtidar partiyası üçün yeni bir situasiya yaradır:

Natiq Cəfərli

“Azərbaycan siyasətində Qarabağ dalğası ilə siyasətə gələnlər oldu. Onların əsas məqsədi Qarabağ mövzusu üzərindən siyasətdə qalmaq idi. Mənə elə gəlir ki, həmin şəxslərin deməyə başqa sözləri olmadığına görə, yavaş-yavaş özləri siyasi səhnədən çəkiləcəklər. Bu reallıqdır. Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının həm seçki proqramlarında, həm də fəaliyyətlərində Qarabağ mövzusu gündəmdən tamamilə çıxarsa, artıq burada Qarabağın yenidən qurulması, orada məskunlaşma siyasəti, iqtisadi və infrastruktur layihələri önə çıxmış olacaq. Əgər ortaya keyfiyyətli müzakirələr çıxarsa, nəticədə ölkə, dövlət və gələcəkdə görüləcək işlər üçün pozitiv istiqamətlər və tezislər yarana bilər”.

N.Cəfərli deyib ki, iqtisadi və sosial məsələlər daha çox önə çıxacaq:

“Tarixi və möhtəşəm qələbədən sonra Azərbaycan xalqı sosial konsepsiyanın, idarəetmə modelinin olmasını istəyir. Burada isə məsuliyyəti iqtidar daşıyır. Bunun üçün yeni çağırışlara, tezislərlə cavab verilməlidir. Amma müxalifət də pafosla yox, hesablamalara söykənərək iqtisadi-sosial siyasət təklif etməlidir. Bu, Azərbaycan siyasəti üçün yeni bir mərhələdir. Artıq sosial problemləri həll olunmuş iqtisadi yüksəlişə keçən rifah dövlətinin yaradılması zamanıdır”.

N.Cəfərlinin sözlərinə görə, həm iqtidar, həm müxalifət rifah dövlətinin necə və hansı təməllər üzərində yaradılmalı olduğu ilə bağlı normal müzakirələr, debatlar təşkil etməlidir.

Zaira Akifqızı
Globalinfo.az