Yaxın Şərqdə geosiyasi gərginliyin yenidən artması qlobal enerji bazarlarına da təsirsiz ötüşmür. Regionda baş verən hadisələr fonunda dünya bazarında neft qiymətləri yenidən yüksəlişə keçib. Enerji ixracatçısı olan Azərbaycan üçün isə neftin bahalaşması həm büdcə gəlirləri, həm də iqtisadi göstəricilər baxımından xüsusi əhəmiyyət daşıyır.
Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, Yaxın Şərqdə artan gərginlik neft bazarında ciddi volatillik yaradıb:
“Hazırda neftin qiyməti 95-97 dollar diapazonuna yüksəlib. Hesab edirəm ki, bu artım təkcə regionda baş verən hadisələrlə deyil, həm də Hörmüz boğazı ətrafında risklərin hələ də qalması ilə bağlıdır. Əlbəttə, bu vəziyyət qısa müddətdə Azərbaycan üçün müəyyən müsbət təsirlər yaradır. Bildiyiniz kimi, dövlət büdcəsində neftin baza qiyməti 65 dollar götürülüb. Buna görə də neftin bahalaşması büdcəyə əlavə gəlirlər və ölkəyə əlavə valyuta daxilolmaları təmin edir. Lakin bu, tam rahatlıq üçün əsas verməməlidir. Çünki qiymət artımı iqtisadi amillərdən daha çox siyasi və geosiyasi risklərlə bağlıdır. Belə hallarda bazardakı vəziyyət sürətlə dəyişə bilər”.
Eyyub Kərimli
İqtisadçının fikrincə, neftin qiyməti yaxın dövrdə 100 dollar həddinə də yaxınlaşa bilər:
“Bu baxımdan neftin bahalaşması Azərbaycan üçün büdcə gəlirləri və valyuta daxilolmaları baxımından müsbət impuls yaratsa da, uzunmüddətli perspektivdə dünya iqtisadiyyatı üçün mənfi nəticələr doğura bilər. Qlobal iqtisadi artımın zəifləməsi, daşınma və istehsal xərclərinin artması inflyasiya təzyiqlərini gücləndirə bilər ki, bu da dolayısı ilə ölkəmizə də təsir göstərəcək”.
E.Kərimlinin sözlərinə görə, yaxın perspektivdə üç ssenari mümkündür:
“Gərginlik azalarsa, “Brent” markalı neftin qiyməti yenidən 85-90 dollar diapazonuna enə bilər. Mövcud vəziyyət qorunarsa, qiymətlər 90-100 dollar aralığında qala bilər. Gərginliyin daha da artacağı halda isə neftin 100 dolları keçməsi ehtimalı da istisna deyil. Ona görə də hesab edirəm ki, əldə olunan əlavə gəlirlərdən istifadə zamanı hökumət daha ehtiyatlı davranmalıdır. Bu vəsaitlər cari xərclərin artırılmasına deyil, fiskal dayanıqlığın möhkəmləndirilməsinə, strateji ehtiyatların artırılmasına və qeyri-neft sektorunun inkişafına yönəldilməlidir”.
Zaira Akifqızı
Globalinfo.az