Bank manat 200 900x550 1

ABŞ-ın Rusiyanın nəhəng banklarından biri olan VTB-yə qarşı İrana görə yeni sanksiyalar tətbiq etməsi bankın xaricdəki fəaliyyətinə mümkün təsirləri də gündəmə gətirib. Vaşinqton VTB-ni İrana qarşı tətbiq olunan sanksiyalardan yayınmağa kömək etməkdə ittiham edir. Bank daha əvvəl də ABŞ-ın sanksiya siyahısına daxil edilib.

Məsələ Azərbaycan üçün də diqqət çəkir. Çünki Rusiyanın VTB Bankının Azərbaycanda fəaliyyət göstərən törəmə bankı var və VTB Azərbaycanın səhmlərinin 99,99 faizi Rusiyanın VTB Bankına məxsusdur.

Bu baxımdan ABŞ-ın VTB-yə qarşı yeni sanksiyaları Azərbaycandakı bankın fəaliyyətinə, xüsusilə müştərilərin hesablarına və vəsaitlərinə təsir göstərə bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Vüsalə Əhmədova deyib ki, bu, VTB Azərbaycana qarşı ilk ABŞ sanksiyası deyil:

“ABŞ Maliyyə Nazirliyinin OFAC sistemi “VTB Bank Azerbaijan OJSC”ni ayrıca sanksiyalı maliyyə institutu kimi göstərir və onu VTB Bank PJSC ilə əlaqələndirir. Məsələ sadəcə “Azərbaycan bankının səhmlərinin 99,99 faizi sanksiyaya məruz qalan banka məxsusdur” demək deyil. Yəni VTB Azərbaycan özü də ABŞ-ın sanksiya sistemində ayrıca qeyd olunub”.

Müştərilərin hesablarındakı pullara gəlincə, iqtisadçı bildirib ki, sanksiya nəticəsində manat və ya digər hesablardakı vəsaitin ABŞ tərəfindən birbaşa müsadirə edilməsi və ya dondurulması baş verməyəcək:

“Pullar Azərbaycan hüququ çərçivəsindədir və Azərbaycan bankında depozit olaraq qalır. Əsas risk bankın beynəlxalq əməliyyat qabiliyyəti ilə bağlıdır. VTB Azərbaycan artıq ABŞ sanksiyalarında olduğu üçün bankın ABŞ dolları ilə, ABŞ maliyyə sistemi ilə və xarici banklardakı müxbir hesablar vasitəsilə əməliyyat aparmasına ciddi məhdudiyyətlər qoyulacaq.

vusale ehmedova 1

Vüsalə Əhmədova 

Nəticədə müştərilər üçün xaricə dollar köçürmələri çətinləşir, müəyyən beynəlxalq ödənişlərin gecikməsi və ya rədd edilməsi baş verir. Xarici banklar VTB Azərbaycanla əməliyyat aparmaqdan imtina edə bilər və bəzi valyutalar üzrə likvidlik və konvertasiya problemləri yarana bilər.

Qısası, ABŞ sanksiyası özü-özlüyündə Azərbaycan ərazisindəki bankın bağlanması haqqında qərar deyil. Bunun üçün ayrıca VTB Azərbaycanın fəaliyyətinə dair qərar, lisenziyanın ləğvi və ya digər hüquqi proses baş verməlidir.

Real risklər pulun banka daxil edilməsi, bankdan çıxarılması və xüsusilə xarici valyutada xarici banklara köçürülməsinin getdikcə çətinləşməsidir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: