Dünən Bakı şəhəri 189 nömrəli tam orta məktəbin 9-cü sinif şagirdini həmin məktəbin mühafizəçisi döyüb. Ötən ay isə Müsavat Partiyasının üzvü olan, məktəblərdən birində çalışan mühafizəçi direktor köməkçisi tərəfindən qətlə yetirilib.
Maraqlıdır, məktəblərdəki aqressiya nədən qaynaqlanır? Bu şəxsləri işə qəbul edən qurum harada və nədə səhv edir?
Mövzunu Globalinfo.az-a şərh edən deputat Fazil Mustafa deyib ki, aqressiyanı bütün mühafizəçilərə şamil etmək olmaz.
Onun sözlərinə görə, istənilən peşə sahibi belə hərəkətə yol verə bilər:
“Taksi sürücüsü, müəllim, həkim və s. fərq etməz, bir çox sahədə belə şəxslərə rast gəlmək mümkündür. Ona görə məsələyə fərdi insident kimi yanaşılmalıdır. Burada uşağın mühafizəçini hansısa formada təhqir etməsi videodan aydın görünür. Bu, həm də müəyyən dərəcədə gənclərin təlim-tərbiyəsi ilə bağlı məsələdə də problemin olmasını ortaya çıxarır. Mühafizəçinin uşağa zorakılıq tətbiq etməsi bütün hallarda pislənməlidir. Məsələni araşdırmaq lazımdır. Nəticədə aydın olacaq ki, şagirdin əməli nədir və mühafizəçini belə hərəkət etməyə nə vadar edib?!”
Deputat qeyd edib ki, bütün hallarda mühafizəçi yeniyetməyə, uşağa əl qaldırmamalıdır:
“Bunun hüquqi yolları var. Əgər ortada hansısa qayda pozuntusu varsa, həm məktəb rəhbəri, həm də hüquq mühafizə orqanlarına müraciət etmək lazımdır. Məsələnin həlli ilə yalnız onlar məşğul olmalıdır. Bu baxımdan ümumiləşdirmənin tərəfdarı deyiləm”.
Zaira Akifqızı
Globalinfo.az