Qəzaya düşən müəllimlərdən xəbər var – YENİLƏNİB

Bakı-Quba yolunda baş verən hadisə ilə əlaqədar 3 nəfərin (hər biri qadın olmaqla) müalicəsinə TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzində davam edilir.

TƏBİB-dən Globalinfo.az-a verilən məlumata görə, onların vəziyyəti hazırda orta ağırdır.

Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan 1 nəfər isə ( kişi olmaqla) Sumqayıt Tibb Mərkəzinə təxliyə olunub.

Xatırladaq ki, xəsarət alanların diaqnozları əsasən döş qəfəsinin küt travması, kürəyin küt travması, sınıqlar, cırılmış yaralar olub.

***12:55

Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.

Globalinfo.az bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib.

O bildirib ki, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib: “Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar”.

Qeyd edək ki, Elvin Rüstəmov həm də idman jurnalisti idi. O, “Neftçi TV”də çalışırdı.